Sentyabrın 13-də Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Kembric Məktəbinin akademik heyətinin peşəkar inkişafını dəstəkləmək məqsədilə təlim təşkil olunub. Təlim Bakı-Oksford məktəbindən dəvət edilmiş, Kembric kurikulumu üzrə
ixtisaslaşmış, həmin məktəbin tam orta təhsil üzrə direktor müavini və kurikulum rəhbəri Dr. Rəna Ələsgərova tərəfindən aparılıb. Təlimin əsas məqsədi müəllim heyətinin Kembric metodologiyası, tədris sistemi və imtahan standartları haqqında biliklərini daha da dərinləşdirməkdir. Təlimdə Beynəlxalq Kembric Məktəbinin hazırkı və bu ildən fəaliyyətə başlayacaq ümumilikdə 20-dən çox müəllimi iştirak edib. Təlim zamanı effektiv dərs planlaşdırılması, Kembric standartlarına uyğun formativ və summativ qiymətləndirmə, Kembric imtahanlarının keçirilmə prosesi, ümumi Kembric resurslarının tətbiqi və Kembric platformasından səmərəli istifadə
mövzuları müzakirə edilib.Qeyd edək ki, təlim 14 sentyabr tarixi də davam edəcək, sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.