Qərbi Azərbaycan tarixinə həsr olunmuş kitabların təqdimatı keçirilib

Qərbi Azərbaycan tarixinə həsr olunmuş kitabların təqdimatı keçirilib

Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında “Qərbi Azərbaycana qayıdışa gedən yol” konqresi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu kollektivinin Qərbi Azərbaycan tarixindən bəhs edən əsərlərinin təqdimatı keçirilib.

Universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, dosent Rafiq Rəhimov qonaqları salamlayaraq onları universitetdə görməkdən məmnunluq duyduğunu dilə gətirib və ali təhsil ocağında Qərbi Azərbaycana həsr edilən konqresdə Qərbi Azərbaycan tarixini özündə əks etdirən kitabların təqdimatının keçirilməsinin önəmindən danışıb.

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müdiri, dosent Şamxal Məmmədov və Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, tarix elmləri doktoru Xəzər Hüseynov, Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə elmlər doktoru Sevinc Abbasova çıxışları zamanı təqdimatı keçirilən kitabların elmi və tarixi əhəmiyyətindən bəhs edərək Azərbaycanın qədim torpaqlarının tarixi, etnoqrafiyası, botanikası, toponomikası və digər sahələrinin araşdırılması və öyrənilməsində bu kitabların xüsusi önəmə malik olduğunu vurğulayıblar.

Sonda kitabın müəlliflərindən Tarix üzrə fəlsəfə doktoru, dosent Hacı Həsənov, Tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı,          Filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırova, Tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhrəmov çıxış edərək, öz ürək sözlərini dilə gətirib, göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, tədbirdə “Qərbi Azərbaycan: elmi tədqiqatlar” adlı sərgi də nümayiş olunub.