“Qərbi Azərbaycana qayıdış” festival, “Qərbi Azərbaycana qayıdışa gedən yol” konqresi çərçivəsində dəyərli kitablar ictimaiyyətə təqdim edilib

“Qərbi Azərbaycana qayıdış” festival, “Qərbi Azərbaycana qayıdışa gedən yol” konqresi çərçivəsində dəyərli kitablar ictimaiyyətə təqdim edilib

Naxçıvan Dövlət Universiteti Elmi kitabxanasında ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Nağı qızı Hüseynovanın “Qərbi Azərbaycan paleotoponimlərinin linqvistik etimoloji təhlili”, Filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Həsənova və pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nazilə Abdullazadənin müəllifi olduqları “Zəkanın və milli yaddaşın təntənəsi” kitablarının təqdimatı keçirilib. 

Təqdimatda çıxış edən universitetin rektoru Elbrus İsayev  qeyd edib ki, ümummilli Liderimiz Heydər Əliyevin, ölkə başçımız İlham Əliyevin də hər zaman diqqət məkəzində saxladığı Qərbi Azərbaycan mövzusu günümüzün böyük aktuallıq kəsb edən məsələsidir. Dövlətimizin siyasi xəttinin dəstəkçiləri olan ziyalılarımızın, alimlərimizin də fəaliyyətində bu motivlər hər zaman öz əksini tapıb. Rektor   “Qərbi Azərbaycana qayıdış” festival, “Qərbi Azərbaycana qayıdışa gedən yol” konqresinin fəxri qonağı olaraq Mahirə Hüseynovanın Qərbi Azərbaycan mövzusuna nə qədər həssaslıqla yanaşdığını diqqətə çəkib. 

Universitet Elmi Kitabxanasının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova hər iki kitabın elmi və ictimai əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edilib ki, “Qərbi Azərbaycan paleotoponimlərinin linqvistik etimoloji təhlili” kitabında ilk dəfə olaraq Qərbi Azərbaycan ərazisində mövcud olmuş paleotoponimlərin elmi-nəzəri əsasları, ayrı-ayrı coğrafi ərazilərdə yayılma arealları, fonetik, leksik, semantik xüsusiyyətləri araşdırılıb və Azərbaycan xalqının bu ərazilərdə ən qədim yerli sakinlər olduqları elmi baxımdan əsaslandırılıb.

“Zəkanın və milli yaddaşın təntənəsi” adlı kitabda isə ümummilli liderin çıxış və məruzələri, sərəncamları, bəyanatları diqqətlə nəzərdən keçirilib. Həmçinin, bütün materiallar həm də ingilis dilində oxuculara çatdırılıb. 

Filologiya elmləri doktoru, professor Sədaqət Həsənova, universitetin Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Arif Ağalarovun çıxışları dinlənilib. 

Çıxışlarda qeyd olunub ki, Naxçıvanda doğulub boya-başa çatsa da, əslən ulu Azərbaycan torpağı Dərələyəz mahalından olan Mahirə xanımın mənsub olduğu nəsil milli ruhu, ictimai-mənəvi keyfiyyətləri ilə tarixə düşüb. Mahirə Nağıqızının fəaliyyəti çoxşaxəli və olduqca zəngindir. O, dilçiliyin müxtəlif sahələri istiqamətində aparılmış tədqiqatlar üzrə 26 elmi kitab, monoqrafiya, dərs vəsaiti, metodik vəsait, 5 proqram, 14 bədii (şeirlər) kitabının, 400-ə qədər elmi və publisistik məqalənin müəllifi kimi həm dilçi-alim, həm şairə, həm də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışan əsl elm adamıdır. 

Mahirə Hüseynovanın “XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin yaradıcılığında onomastik vahidlərin linqvopoetikası (Dərələyəz mahalı üzrə)”, “Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığında dialektizmlərin öyrədilməsinə dair (Dərələyəz mahalı üzrə)”, “Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığının dil, üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” kimi irihəcmli və digər elmi əsərləri professorun elmi irsində Qərbi Azərbaycan mövzusunun nə dərəcədə geniş yer tutduğunun bariz nümunəsidir. Bununla belə onun bu ilin oktyabr ayında çap olunmuş “Qərbi Azərbaycan paleotoponimlərinin linqvistik etimoloji təhlili” adlı monoqrafiyası bir daha Azərbaycan elminin qabaqcıl simalarından olan Mahirə Nağıqızının dövlətimizin siyasi xəttinə sadiqliyinin nümunəsi olmaqla bərabər, həm də öz əsil-kökünə məhəbbətinin sübutudur.

Sonra Tarix-filologiya fakültəsinin tələbələri Mahirə Nağıqızının şeirlərindən ibarət şeirləri bədii qiraət ediblər. 

Müəlliflərdən Mahirə Nağı qızı Hüseynova  yüksək səviyyədə keçirilən tədbir üçün universitet kollektivinə öz təşəkkürünü ifadə edib. Müəllif qeyd edib ki, onun yaradıcılığında Dərələyəz mahalının folkloru, dialektologiyası və toponimiyasının tədqiqatçısı olan tanınmış ictimai və elm xadimi Həsən Mirzəyevin də böyük təsiri olub. Təbii ki, bu amilləri nəzərə alsaq mənim yaradıcılığımda Qərbi Azərbaycan motivlərinin hiss və ifadə olunmaması qeyri-mümkündür-deyə Mahirə Hüseynova qeyd edib. 

Təqdimat çay süfrəsi ilə yekunlaşıb. 

Leave a Reply

Your email address will not be published.