Qardaş ölkənin rektorları Naxçıvan Dövlət Universitetində olub

Qardaş ölkənin rektorları Naxçıvan Dövlət Universitetində olub

Qars Qafqaz Universitetinin rektoru, professor Hüsnü Kapı, Ağrı İbrahim Çeçen Universitetinin rektoru, professor Abdulhalik Karabulut Naxçıvan Dövlət Universitetində olub. İkitərəfli görüşdə Naxçıvan Dövlət Universitetin rektoru Elbrus İsayev qonaqları salamlayaraq rəhbərlik etdiyi ali təhsil ocağının strukturu, fakültələri, tədris olunan ixtisaslar və beynəlxalq əlaqələri haqqında geniş məlumat verib. Universitetə qəbul olan əcnəbi tələbələrin siyahısında türkiyəli tələbələrin daha çox üstünlük təşkil etdiyini qeyd edən rektor bunun səbəbini dil, din birliyi, ortaq adət-ənənələrə sahib olmağımızla əlaqələndirib.

Görüşdə bütün elm-təhsil sahələrində ortaq layihələr həyata keçirmək, konfranslar, simpoziumlar  təşkil etmək, ortaq elmi araşdırmalar və nəşrlər aparmaq, elmi toplantılar təşkil etmək, tələbə-müəllim mübadiləsi həyata keçirmək, müxtəlif idman növləri üzrə universitetlərarası idman yarışları keçirmək məsələləri müzakirə edilib. Elmi rəqabətliliyin təmin ediməsi, tələbə, müəllim mübadiləsi, mədəniyyət, idman və.s sahələrdə birgə fəaliyyət, tələbə təqaüdü proqramları, elmi əməkdaşlıqda magistr və doktorantura proqramları, elmi tədqiqat sahələrində birgə araşdırmalar, tədqiqatlar aparmaq əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilib. Hər iki universitetin rektorları Naxçıvan Dövlət Universiteti ilə qarşılıqlı əlaqələrə toxunub, birgə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Universitetin İncəsənət fakültəsində olan qonaqlar Azərbaycan – Türkiyə dostluğunu özündə əks etdirən sərgiyə baxıblar, onlar üçün təşkil edilən konsert proqramını izləyiblər. Sonra universitetin Tibb fakültəsində olan qonaqlara məlumat verilib ki, 2019-cu ildə yenidən qurularaq istifadəyə verilən fakültə yüksək maddi-texniki baza ilə zənginləşdirilib. Tələbələrin bu ixtisas üzrə həm nəzəri, həm də  təcrübi dərslərin keçirilməsi üçün burada hər cür şərait mövcuddur. Yaradılan şəraitin nəticəsidir ki, bu il fakültəyə qəbul olan 201 xarici tələbədən 153-ü Türkiyə Respublikasındandır. Universitetin xəstəxanasında olan qonaqlar burada olan şəraitdən, qurub-yaradılan imkanlardan məmnunluqlarını ifadə ediblər. Baytarlıq ixtisasında olan qonaqlara məlumat verilib ki, bu ixtisas  üçün ayrıca binanın mövcudluğu göstərilən dövlət dəstəyinin birbaşa təzahürüdür. Bu ixtisas üzrə nəzəri biliklərin təcrübədə möhkəmlənməsində qardaş ölkənin Qars  Qafqaz Universitetində keçirilən təcrübənin faydası əhəmiyyətli dərəcədədir. Qeyd edək ki, universitetin Baytarlıq ixtisası üzrə tələbələri hər il Qars Qafqaz universitetində təcrübə kursu keçirlər.

Universitetin mövcud fakültələri ilə tanış olan qonaqlar hər bir fakültənin ayrıca binada fəaliyyət göstərməsindən olduqca məmnun olduğunu qeyd ediblər.