Universitetimizdə tədris

Ümumi müddəalar

  1. Naxçıvan Dövlət Universitetində bakalavriat səviyyəsində kredit sistemi ilə tədrisin təşkili qaydaları (bundan sonra “Qaydalar”) “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”, “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları” və Avropa Kredit Transfer Sisteminə uyğun hazırlanmışdır.
  2. Naxçıvan Dövlət Universitetində kredit sistemi əsasında təşkil olunmuş tədris prosesi aşağıdakı xüsusiyyətlərlə səciyyələndirilir:
    • hər bir tələbənin fərdi tədris planının olması və onların bu planın tərtibində iştirakı;
    • təhsil prosesinə akademik məsləhətçilərin (tyutorların) cəlb olunması;
    • tələbəyə sərbəst iş üçün şəraitin yaradılması;
    • biliyin qiymətləndirilməsində çoxballı  sistemin tətbiqi;
    • tələbə və müəllimlərin  mobilliyinin təmin olunması;
    • təhsilalma müddətinin tələbənin nailiyyətindən asılılığı;
    • fakültələrin, kafedraların, ixtisasların, fənlərin, müəllimlərin, tələbələrin kodlaşdırılması.
  3. Ali təhsil müəssisəsi tələbələri kredit sisteminin təşkili qaydaları ilə tanış etməli və  tələbəyə təhsil müddətində tədris planında müəyyən olunmuş krediti qazanmasına şərait yaratmalıdır.
  4. Naxçıvan Dövlət Universitetində Kredit sistemi ilə tədrisin təşkili müvafiq qurumlar (tədris hissəsi, qeydiyyat, qiymətləndirmə, monitorinq və s.) tərəfindən tənzimlənir.