Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Araz Paşayevin Naxçıvan Dövlət Universitetinin  tələbələri ilə görüşü olub

Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Araz Paşayevin Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüşü olub

Naxçıvan Dövlət Universitetində keçirilən görüşdə ali təhsil ocağının rektoru Elbrus İsayev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2021-ci il tarixli 1367 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu” yaradılıb və Fondun nizamnaməsi təsdiq edilib. Rektor ölkəmizdə aparılan təhsil islahatları, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, TTKF-nin yaradılması ali təhsilə və aztəminatlı təbəqədən olan gənclərə dövlət qayğısının bariz nümunəsidir.

Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Araz Paşayev fondun yaranma tarixi, məqsədi haqqında geniş məlumat verib. Bildirilib ki, fondun yaradılmasında əsas məqsəd əhalinin aztəminatlı təbəqəsindən olan şəxslərin təhsili  üçün bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir. Qeyd edilib ki, təhsil tələbə krediti olduqca mütərəqqi, gənclərin təhsilə əlçatanlılığının təmin olunmasına xidmət edən dövlət sənədidir. Vurğulanıb ki, təhsil tələbə kreditinin növləri, tələbə krediti almaq üçün verilən tələblər, kreditdən istifadə hüququ, kreditin verilməsinə dair tələblər və tətbiq edilən güzəştlər müəyyən edilib. Diqqətə çatdırılıb ki, təhsil tələbə kreditinin sosial və standart növləri mövcuddur.  Araz Paşayev əlavə edib ki, fondun fəaliyyəti ölkə üzrə ödənişli və əyani təhsil alan tələbələrə aid olmaqla 44 ali təhsil müəssisəsini və 55 orta-ixtisas təhsil müəssisəsini əhatə edir. Qeyd edilib ki, ölkə üzrə təxminən təhsil alan 266 min nəfər tələbədən 146 min nəfəri ödənişli əsaslarla oxuyur. Çıxışda o da vurğulanıb ki, krediti almaq üçün tələbə girov, zamin, borcalan və s. heç bir öhdəliklə yüklənmir. Diqqətə çatdırılıb ki, kreditlər veriləndə ilkin mərhələdə giriş balları nəzərə alınmaqla yüksək nəticə göstərilməsi ilkin şərtdir. Araz Paşayev onu da bildirib ki, kredit məbləği birbağa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə verilir. Hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ da verilir.

Universitetin Mühasibat uçotu şöbəsinin müdiri Ülvi Baxışlı bildirib ki, ali təhsil ocağında 2021-2022-ci akademik tədris ilindən TTKF ilə bağlı komissiyanın tərkibi müəyyənləşdirilərək fəaliyyətə başlayıb və tələbələrlə görüşlər təşkil edilərək onların qeydiyyatına şərait yaradılıb. Belə ki, ötən semestr ərzində ümumilikdə 60-a yaxın tələbə kreditlə bağlı müraciət etsə də,  bunun  25 nəfəri sosial, 23 nəfəri isə standart olmaqla 48 tələbənin krediti rəsmiləşdirilib. Hal-hazırda davam etməkdə olan semestrdə bu günədək 50-ə yaxın tələbənin müraciəti qeydə alınıb və 8-i sosial, 16-ı isə standart olmaqla 24 nəfərin müraciəti rəsmiləşdirilib, 23 tələbə  namizəd qismində saxlanılıb, digərləri isə gözləmə mövqeyindədir.

YAP Universitet Ərazi Partiya Təşkilatının sədri, Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayev ölkədə aparılan islahatların fonunda təhsil strategiyasının uğurla həllindən danışıb. Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn İmanovun çıxışı dinlənildikdən sonra tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.