Tanınmış hüquqşünas-alim, professor Məhəbbət Dəmirçiyeva Naxçıvan Dövlət Universitetinin tələbələri üçün mülki və ailə hüququ haqda təlim keçib
Ali təhsil ocağının Beynəlxalq münasibətlər və hüquq fakültəsində keçirilən görüş zamanı universitetin rektoru Elbrus İsayev qonağı salamlayaraq qeyd edib ki, Naxçıvan Dövlət Universiteti Azərbaycanda Hüquq ixtisası üzrə kadr hazırlığı həyata keçirən azsaylı ali təhsil ocaqlarından biridir. Vurğulanıb ki, ali təhsil ocağında tədrisi həyata keçirilən “Hüquqşünaslıq” ixtisası 25 ildir ki, muxtar respublikanın bu sahəyə olan kadr hazırlığını təmin edir. Təsadüfi deyil ki, muxtar respublikanın hüquq-mühafizə orqanları əməkdaşlarının bir çoxu universitetdən məzun olan kadrlardır. Rektor professor haqqında danışarkən bildirib ki, işinin peşəkarı, bu sahədə öz sözünü deyən Məhəbbət Dəmirçiyeva Azərbaycanda mülki hüquq üzrə yeganə xanım hüquqşünasdır. Elbrus İsayev universitetə bağışladığı 50-dən artıq kitaba görə professora öz təşəkkürünü bildirərək, tələbələrin bu kitablardan səmərəli formada faydalanacağına əminlik ifadə edib.
Sonra professor universitetdə yaradılan şəraitə, xoş qarşılanmaya görə minnətdarlığını bildirərək seminara başlayıb. Mülki hüquq və ailə hüququ haqqında məlumat verən hüquq elmləri doktoru Məhəbbət Dəmirçiyeva qeyd edib ki, Mülki hüquq fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini, onların əmlak və şəxsi qeyri əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını, həyata keçirilməsi və xitam verilməsi qaydalarını müəyyənləşdirir. Bildirilib ki, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ ilə bağlı münasibətlər mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Diqqətə çatdırılıb ki, istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan və olmayan hər hansı fiziki və ya hüquqi şəxslər isə mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Professor ailə hüququ haqqında danışarkən qeyd edib ki, hüquq sahəsi olaraq ailə hüquq ictimai münasibətlərin müəyyən növünü – ailə münasibətlərini, yəni nikah faktından meydana gələn və ailəyə mənsub olan münasibətləri tənzim edir.
Sonda professor tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.