“TAP-MAT intellektual şahmat oyunu üzrə birincilik” layihəsinin bağlanış mərasimi keçirilib

“TAP-MAT intellektual şahmat oyunu üzrə birincilik” layihəsinin bağlanış mərasimi keçirilib

Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “İdeyanı reallaşdır” 2022 qrant müsabiqəsinin qalibi “TAP-MAT intellektual şahmat oyunu üzrə birincilik” layihəsinin final mərhələsində çıxış edən universitetin rektoru Elbrus İsayev layihənin missiyası, tələbələrə qazandırdığı bilik və təcrübə həmçinin tələbələrin asudə vaxtlarını səmərəli şəkildə keçirmələrini üçün belə layihələrin həyata keçirilməsinin önəmini vurğulayıb. Rektor qeyd edib ki, muxtar respublika üçün əhəmiyyətli olan belə müsabiqə xarakterli layihələrin xüsusən tələbələr tərəfindən həyata keçirilməsi və regionda böyük maraqla qarşılanması sevindirici haldır. “Tələbələrimizin iştirakı ilə keçirilən belə tədbirlərə Naxçıvan Dövlət Universitetinin dəstəyi hər zaman olacaq” deyə Elbrus İsayev bildirib.

NDU Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov son illərdə ideyaların reallaşdırılması və iştirakında həm təşkilatın, həm də universitetdə təhsil alan tələbələrin  xüsusi rol oynadığını vurğulayıb. Qeyd edilib ki, belə layihələrin təkcə universitet daxilində yox respublika üzrə keçirilməsi atılan ən mühüm addımlardandır.

Sonra çıxış edən layihə rəhbəri Adəm Məmmədov bildirib ki, layihə çərçivəsində Naxçıvan Muxtar Respublikasında yerləşən ali və orta ixtisas təhsili müəssisələrində seçim turları keçirilib. Seçim turunda 96 tələbə-gənc iştirak edib və hər təhsil müəssisəsindən qaliblər oyunun final mərhələsinə vəsiqə qazanıb.

 Sonda layihənin seçim turu ilə bağlı videoçarx nümayiş edilib və mükafatlandırma mərasimi keçirilib. Seçim turlarında və finalda qalib olan iştirakçılar diplom, medal və kubokla təltif olunublar. Qeyd edək ki, “TAP-MAT” intellektual şahmat oyunu Naxçıvan Dövlət Universitetinin əməkdaşları tərəfindən hazırlanıb, Əqli Mülkiyyət Agentliyi tərəfindən müəlliflik hüququ şəhadətnaməsi verilib.

Leave a Reply

Your email address will not be published.