
Naxçıvan Dövlət Universiteti Tibb fakültəsində istehsalat müşavirəsi keçirlib
Naxçıvan Dövlət Universiteti Tibb fakültəsində istehsalat müşavirəsi keçirlib. Tədbiri giriş sözü ilə universitetin rektoru Elbrus İsayev açaraq bildirib ki, muxtar respublikanın həkimlərə olan tələbatını ödəmək üçün dahi öndər Heydər Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə 1999-cu ildə Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq fakültəsi nəzdində Pediatriya ixtisasının yaradılması ilə tibb təhsili sahəsində yeni mərhələnin əsası qoyulub. Vurğulanıb ki, 2019-cu ilin iyun ayında Tibb fakültəsi üçün müasir tibbi avadanlıqlarla təchiz edilmiş yeni tədris kompleksinin istifadəyə verilməsi bu sahədə aparılan inkişaf strategiyasına ən bariz nümunədir. Rektor keçirilən müşavirənin əhəmiyyətini diqqətə çatdıraraq qeyd edib ki, artıq 20 illiyi qeyd edilən fakültənin fəaliyyətinin yüksəldilməsi, tədris və istehsalat bazalarının daha işlək hala gətirilməsi, yeni layihələrin hazırlanması, tibb kadrların hazırlanması sahəsində yeni fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi əsas prioritet istiqamət kimi müəyyənləşdirilməlidir.
“Naxçıvan Dövlət Universitetində tibbi kadrların hazırlığının indiki vəziyyəti, qarşıda duran vəzifələr” mövzusunda fakültənin dekanı, dosent Elsevər Əsədov çıxış edərək vurğulayıb ki, 1999-cu ildə universitetin Təbiətşünaslıq fakültəsinin nəzdində Pediatriya ixtisasına 25 nəfərlik tələbə qəbulunun aparılması ilə muxtar respublikada ali tibb təhsilinin təməli qoyulub. Bildirilib ki, 2003-cü ildən müstəqil fəaliyyət göstərən fakültədə hazırda 680-ə yaxın tələbə təhsil alır. Onlardan 300-dən çoxu xarici ölkə vətəndaşıdır. 2012-ci ildən rezidentura hazırlığına başlanan fakültədə 24 ixtisas üzrə rezident hazırlığı həyata keçirilir, hazırda 56 həkim-rezident də muxtar respublikanın xəstəxanalarından tədris-klinik baza kimi istifadə edir.
Müəlimlərin mövzu ilə əlaqədar təklifləri dəyərləndirilib, müzakirələr aparılıb.