Texnoloji transfer və innovasiyalar bölməsinin müdiri “Web of Science” elmmetrik bazasından istifadənin daha səmərəli təşkili məqsədilə keçirilən təlimlərdə iştirak edib

Texnoloji transfer və innovasiyalar bölməsinin müdiri “Web of Science” elmmetrik bazasından istifadənin daha səmərəli təşkili məqsədilə keçirilən təlimlərdə iştirak edib

Naxçıvan Dövlət Universitetinin Texnoloji transfer və innovasiyalar bölməsinin müdiri Elnarə Allahverdiyeva “Web of Science” elmmetrik bazasından istifadənin daha səmərəli təşkili məqsədilə İnformasiya Texnologiyaları İnstitutunda keçirilən təlimlərə qatılıb.

15 – 16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Clarivate Analytics” şirkətindən Valentin Bogorovun rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən təlimlər keçirilib. Təlimin məqsədi “Web of Science” elmmetrik bazasına giriş və bazadan istifadə ilə bağlı bacarıq və səriştələrin artırılması olub.

Tədbirdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli və İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış ediblər. Çıxışlarda Elm və Təhsil Nazirliyinin 150-yə yaxın təhsil və elmi müəssisənin “Web of Science” və həmçinin “Scopus” elmmetrik bazalarına çıxışının təmin olunması üçün “Clarivate Analytics” və “Elsevier” şirkətləri ilə müqavilələr bağlandığı iştirakçıların diqqətinə çatdırılıb.

Təlimlərdə 60-a yaxın ali təhsil müəssisəsi və elmi-tədqiqat institutunun 150-dən çox nümayəndəsi iştirak edib.

“Clarivate Analytics” şirkəti tərəfindən 2 gün davam edən təlimlərdə “Effektiv məlumat axtarışı”, “Elmi jurnallarla iş”, “Web of Science” bazasında müəllif və müəssisə profili” mövzuları ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Sonda tədbir çərçivəsində elmi nəaliyyətləri ilə fərqlənən alimlərə Elm və Təhsil Nazirliyi adından fəxri fərmanlar təqdim olunub.

Leave a Reply

Your email address will not be published.