Tibb fakültəsi məktəblilər arasında ilk dəfə stomatoloji müayinələr həyata keçirib

Tibb fakültəsi məktəblilər arasında ilk dəfə stomatoloji müayinələr həyata keçirib

Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin stomatoloq həkim, rezident və tələbələri ilə məktəb kolletivi arasında görüş keçirilib. Tədbiri giriş sözü ilə açan Naxçıvan şəhər Təhsil şöbəsinin müdiri Baba Əliyev qonaqları salamlayaraq keçirilən görüşün şagirdlərin sağlamlıqları üçün əhəmiyyətli olduğunu bildirib və tədbirin təşkilinə görə öz minnətdarlığını ifadə edib.

Daha sonra çıxış edən Universitetin “Stomatologiya” kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru Rauf Cəfərov Naxçıvan şəhər və muxtar respublikanın rayonlarında yerləşən ümumtəhsil məktəblərin şagirdləri arasında stomatoloji xəstəliklərin yayılmasının qarşısını almaq və xəstəlikləri tədqiq etmək məqsədilə müayinələrə başlanıldığını bildirib. Vurğulanıb ki, layihəyə Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə start verilib. Layihə çərçivəsində məktəblilər arasında stomatoloji xəstəliklərin yayılması haqqında elmi məqalələr, tədris-metodiki vəsaitlər və yekunda dərslik hazırlamaq qarşıya məqsəd kimi qoyulub.

Sonra müayinələrə başlanılıb. Qeyd edək ki, müayinələr zamanı şagirdlərin diş xəstəliklərinə dair problemləri tədqiq edilib, o cümlədən tələbələr nəzəri biliklərini təcrübədə tətbiq ediblər. Görüş çərçivəsində keçirilən müayinələr zamanı şagirdlərə diş sağlamlığının qorunması, dişlərə qulluq barədə tövsiyyələr verilib və məktəblilərə dişə qulluq vasitələri hədiyyə edilib. Sonda kollektivlə xatirə şəkli çəkdirilib.