Tibb fakültəsində 2022-ci ildə yerinə yetirilən elmi-tədqiqat işlərinin müzakirəsinə həsr olunmuş elmi konfrans keçirilib

Tibb fakültəsində 2022-ci ildə yerinə yetirilən elmi-tədqiqat işlərinin müzakirəsinə həsr olunmuş elmi konfrans keçirilib

Giriş sözü ilə çıxış edən universitetin rektoru Elbrus İsayev bildirib ki, tibb sahəsində aparılan araşdırmaların sayı artırılmalı, yeni kitablar, dərs vəsaitləri elmi və praktik təcrübələr əsasında hazırlanmalıdır. Belə ki, hər bir müəllimə öz tədqiqat mövzusu üzərində sorğular keçirməyə, tədqiqat aparmağa və onun nəticələri ilə elmi mühiti zənginləşdirməyə imkan yaradılır. Müasir texnologiya ilə ayaqlaşmaq, yenilikləri gün üzünə çıxarmaq və tibb fakültəsini beynəlxalq akkreditasiya üçün hazırlamaq baxımından, müəllimlərin fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Bütün bunları nəzərə alaraq, rektor elmi-tədqiqat işlərinə verilən tələbləri bir daha diqqətə çatdırıb.

Tibb fakültəsinin dekanı dosent Elsevər Əsədov elmi-tədqiqat işlərinin kafedra iclaslarında və fakültə elmi şurasında aparılan müzakirələri barədə danışıb. Qeyd olunub ki, tədqiqatlar bir neçə istiqamətdə aparılmaqdadır. Kitabların, bukletlərin nəşr olunması, seminarların və konfransların keçirilməsi, müəllimlərin konfranslarda iştirakının təmin olunması elmi fəaliyyətin əsas mahiyyətini ortaya çıxaran proseslərdir. Müsbət haldır ki, bu sahədə Tibb fakültəsinin apardığı işlər müvəffəqiyyətlə nəticələnib. Cari ildə keçirilən Tibb Forumunda fakültənin 10-dan çox əməkdaşı məruzəçi qismində çıxış edərək elmi nailiyyətləri forum iştirakçılarının diqqətinə çatdırıb. Hazırda kafedralar üzrə faktiki nəşrlər mövcuddur və proqnoz nəşrlər nəzərdə tutulub. Onun sözlərinə görə, vebinarlar və ustad dərsləri elmi nəticələri tələbələrə çatdırmaq yolunda əlverişli vasitələrə çevrilib.

Təməl tibb fənləri kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru İlhamə Mustafayeva bildirib ki, kafedra əməkdaşlarının üzərində çalışdığı “Naxçıvan MR şəraitində istehsal olunan arıçılıq məhsullarından təbii dərman preparatlarının hazırlanmasında istifadəsinin perspektivləri” mövzusu ilə əlaqədar hazırlanmış arıçılıq məhsulları “Muxtar Respublika Arıçılıq sərgisi”ndə qalib gələrək patentə təqdim olunub. Kafedrada “Yuvenil qanaxma, yumurtalıqların polikistoz sindromu, cinsi inkişafın ləngiməsi olan qızların nəzarətə götürülməsi” mövzusu üzərində aparılan tədqiqatın nəticələri “Cinsi yetişkənlik dövründə reproduktiv funksiyanın formalaşma xüsusiyyətləri” adlı dərs vəsaitinə əlavə olunub. Kafedra əməkdaşlarının“ Piylənmədə maddələr mübadiləsinin etioloji rolu” mövzusunda apardığı tədqiqat işi isə “Sağlam gənclik, sağlam gələcək” layihəsinə daxil edilib və tədris vəsaiti olaraq tələbələrin ixtiyarına verilib. Bundan başqa kafedrada “Rayonlar üzrə laborator nəticələrin illərə və yaşa görə təhlil olunması”, “Mədə və 12 barmaq bağırsağın xora xəstəlikləri”, “Təcili təxirə salınmaz xəstələrin anesteziya üsulları” və başqa istiqamətlərdə araşdırmalar aparılıb.

“Klimaterik və metobolik sindromlar arasındakı əlaqə” mövzusunda çıxış edən Ümumi təbabət və klinik fənlər kafedrasının müdiri dosent Gültəkin Əliyeva bildirib ki, mövzu üzrə aparılan araşdırmalara qoşulan tələbələrdən birinin fəaliyyəti Tələbə Elmi Cəmiyyətində birinci yerə layiq görülüb. Kafedranın müəllimi İsa Abdullayevin “Ümumi cərrahlıq” adlı yeni nəşri gəlinən elmi nəticələr içərisində mühüm yer tutur. Eyni zamanda “Uşaqların qidalanmasının fizioloji-gigiyenik əsasları”, “Burun-kiprik sinirinin nevralgiyası”, “Bud sümüyünün proksimal nahiyyəsi sınıqlarının xarakterik xüsusiyyətləri və diaqnostikası” kafedrada araşdırılan əsas tədqiqat işlərindən hesab olunur. Gültəkin Əliyevanın sözlərinə görə, tədqiqat mövzularının nəticələri barədə davamlı maairfləndirici işlər aparılıb.

“Dilenidlər yarımsinfinə aid polenli və nektarlı bitkilərin tədqiqi” mövzusu üzərində çalışan Əczaçılıq və biokimya kafedrasının müdiri dosent Mürsəl Seyidov bildirib ki, son ildə Naxçıvan florasında 500-dən artıq nektarlı bitki üzərində tədqiqat aparılıb. Bitkilər üzərində aparılan araşdırmalar arıçılığın inkişafına və dərman preparatlarının genişləndirilməsinə öz töhfəsini verib. Kafedrada “Antioksidantların təsnifatı: endogen və ekzogen antioksidantlar”, “Alopesiya və onun müalicə üsulları”, “Ürək-damar sisteminə təsir göstərən dərman bitki və preparatlarının standartlaşması” və digər mövzular tədqiqata cəlb olunub. Vurğulamaq lazımdır ki, əsas tədqiqat mərkəzi kimi universitet laboratoriyalarından geniş istifadə olunub.

Stomatologiya kafedrasının müdiri dosent Rauf Cəfərov bildirib ki, bu il kafedra əməkdaşları “Naxçıvan MR-da uşaqlar və yeniyetmələr arasında stomatoloji xəstəliklərin epidemiologiyası” mövzusunu üç müxtəlif aspektdən araşdırıblar. Tədqiqat zamanı məktəblilər müayinə olunub və onlarda parodont xəstəliklərin epidemiologiyası müəyyənləşdirilib, eyni zamanda, erkən yaşlarda (3 yaşa qədər) stomotoloji dispanserizasiya aparılaraq ortodonik xəstəliklərin qruplaşdırılması həyata keçirilib. Qeyd olunub ki, universitet üçün yeni olan stomatologiya sahəsində bugünədək aparılmış araşdırmalarda boşluqlar mövcuddur. Görülən işlər və əldə olunan nəticələr bu boşluqların doldurulmasına xidmət edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.