Tibb fakültəsində yuvenil ginekologiyanın aktual problemlərinə həsr olunmuş yeni dərs vəsaiti istifadəyə verilib

Tibb fakültəsində yuvenil ginekologiyanın aktual problemlərinə həsr olunmuş yeni dərs vəsaiti istifadəyə verilib

Naxçıvan Dövlət Universiteti Təməl Tibb fənləri kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent İlhamə Mustafayeva və Azərbaycan Tibb Üniversitetinin professoru, tibb elmləri doktoru Elmira Əliyevanın həmmüəllifi olduğu “Cinsi yetişkənlik dövründə reproduktiv funksiyanın formalaşma xüsusiyyətləri” adlı dərs vəsaitinin təqdimatı olub. Tədbiri giriş sözü ilə açan universitetin Elmi katibi Orxan Cəfərov tədris prosesində rast gəlinən ədəbiyyat çatışmazlığı probleminin son illər aradan qalxdığını və müxtəlif ixtisaslar üzrə sanballı əsərlərin nəşr olunduğunu bildirib.

Təqdim olunan kitabın elmi redaktoru, Ümumi təbabət və klinik fənlər kafedrasının müdiri, dosent Gültəkin Əliyeva dərs vəsaitinin tibb elminə gətirdiyi fayda və yeniliklərdən danışaraq müəlliflərin Azərbaycan sosiumu üçün olduqca aktual olan bir mövzuya toxunduğunu qeyd edib. Qızların fiziki və laborator müayinələrinə əsaslanaraq, onlarda reproduktiv sistemin formalaşmasına təsir edən amilləri, müayinə olunan qızların kliniki xarakteristikasını və müalicə metodlarını araşdıran tədqiqatçılar dünya tibb sahəsində bilinən, lakin ölkə təbabətində çox da müraciət olunmayan yuvenil ginekologiya sahəsinə yeni işıq tutublar.

Ümumi təbabət və klinik fənlər kafedrasının professoru, tibb elmləri doktoru İsa Abdullayev bildirib ki, cinsi yetişkənlik dövrü orqanizmin bütövlükdə inkişafı ilə xarakterizə olunur, lakin bu inkişaf tempinin müxtəlif etaplarda dəyişilməsi baş verir. Onun sözlərinə görə, pubertat dövr ikincili cinsi əlamətlərin formalaşdığı əsas mərhələlərdən biridir. Bu dövrün tədqiqinin vacibliyi ondadır ki, bu zaman keçirilən xəstəliklər qadının generativ funksiyasının zəifləməsinə səbəb olur və bu xəstəliklərin qarşısının alınması üçün yuvenil ginekoloji müayinə vacib şərtlərdəndir.

Kitab barədə fikirlərini bölüşən “Mama-ginekologiya” ixtisası üzrə V kurs həkim rezident Sevər Nemətova bildirib ki, yeniyetmələr və onların valideynləri arasında cinsi yetişkənlik dövrünün xüsusiyyətləri ilə bağlı maarifləndirmə işinə böyük ehtiyac var. Bu məqsədlə, bir sıra tədbirlər həyata keçirilir ki, bunlar içərisində ixtisaslaşdırılmış kitabların nəşr olunması və ictimaiyyətin ixtiyarına verilməsi böyük əhəmiyyət daşıyır.  Vaxtında tibb müəssisələrinə müraciət etmənin vacibliyi, erkən nigahların zərəri, cinsi yolla ötürülən xəstəliklər haqqında sanitar maarifi işinin aparılması əhalinin reproduktiv sağlamlıq vəziyyətini yüksəldər və sonsuzluğun aradan qaldırılmasına kömək edər.

Çıxış edən Tibb fakültəsinin dekanı, dosent Elsevər Əsədov son illərdə uşaq və yeniyetmələr ginekologiyası elminin sürətlə inkişaf etdiyini diqqətə çatdırıb və bu mövzuya həsr olunmuş belə bir dərs vəsaitini ərsəyə gətirən stedadlı həkim və pedaqoqlara apardıqları elmi araşdırma və gəlinən nəticələrə görə minnətdarlığını bildirərək, yeni uğurlar arzu edib. Daha sonra müəllifin ürək sözləri dinlənilib və ona təbriklər ünvanlanıb.

Sonda fakültənin fəal tələbələrinə müəllif tərəfindən kitab təqdim olunub.

Leave a Reply

Your email address will not be published.