Tibb fakültəsinin “Sağlam gənclik, sağlam gələcək!” layihəsi çərçivəsində növbəti görüşü Ordubad şəhər tam orta internat məktəbində şagirdləriylə olub
Tədbiri giriş sözü ilə açan ali təhsil ocağının tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsəvər Əsədov tədbirin məqsəd və vəzifələrindən danışıb. İlk tibbi yardımın mahiyyətindən danışan dekan gənclərin ilk tibbi yardım haqqında anlayışa malik olmalarının böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, şagirdlərlə keçirilən bu cür maarifləndirici görüşlərin önəmini vurğulayıb. Elsevər Əsədov Tibb fakültəsi haqqında məlumat verərkən bildirib ki, artıq 20 ildən artıq təcrübəsi olan fakültənin fəaliyyətinə göstərilən dövlət dəstəyinin nəticəsidir ki, bugün Tibb fakültəsi üçün ayrıca bina, xəstəxana mövcuddur. Qeyd edilib ki, müasir avadanlıqlarla zəngin fitoterapiya və digər laboratoriyalarının qurulması fakültənin tədris imkanlarını daha da artırır.
“Sağlam gənclik, sağlam gələcək” layihəsi haqqında iştirakçıları məlumatlandıran Təməl tibb fənləri kafedrasının müdiri İlhamə Mustafayeva fakültə tərəfindən keçirilən layihənin gənclərə sağlam həyat tərzinin aşılanması və əhalinin sağlamlıq maarifləndirilməsinin təşkili məqsədi ilə təşkil olunduğunu qeyd edib. Vurğulanıb ki, hər hansı zədə almış və ya qəfildən xəstələnmiş şəxsin həyatını xilas etmək və sağlamlığını bərpa etmək üçün ona göstərilmiş həkiməqədər yardımın böyük əhəmiyyəti vardır. Bu layihənin əsas məqsədi də gənclərə bunu aşılamaqdır.
Təməl tibb fənləri kafedrasının baş müəllimi Bəxtiyar Hüseynov “İlk tibbi yardım” simulasiyaları haqqında danışıb. Qeyd edilib ki, istənilən vaxtda və məkanda baş verə biləcək bədbəxt hadisə və qəfil xəstlənmə vəziyyətlərində yaxınlıqda tibb işçisi olmaya bilər və bu zaman digər şəxslər zərərçəkmişlərə ilk yardım göstərməyi bacarmalıdır.
Daha sonra universitetin Tibb fakültəsinin və Naxçıvan Tibb Kollecinin tələbələrinin “Kliniki ölüm”, “Qanaxmalar”, “Yuxarı tənəffüs yollarına yad cismin düşməsi”, “Sınıqlar”, “Torpaq altında qalma”, “Məktəblilərin qidalanması” kimi mövzularda təqdimatları əyani şəkildə nümayiş olunub. Şagirdlərin də fəal iştirak etdiyi təcrübələrin sonunda onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, məktəbə universitet adından 15 müxtəlif adlı kitab bağışlanıb. Sonda şagirdlər göz, diş, ginekoloji və terapevt müayinələrindən keçirilib.