Tibb fakültəsinin tələbələri şagirdləri ilk tibbi yardım qaydaları ilə tanış ediblər

Tibb fakültəsinin tələbələri şagirdləri ilk tibbi yardım qaydaları ilə tanış ediblər

Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin həkim, rezident və tələbələrinin “Sağlam ol” layihəsi çərçivəsində ümumtəhsil məktəblərinin şagirdləri ilə tanışlıq görüşü, praktik təcrübələr və “İlk tibbi tardım” simulyasının təqdimatı keçirilib. Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə keçirilən tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Elşən Qəbulov muxtar respublikada təhsilə, elmə göstərilən yüksək dövlət qayğısından danışıb. Qeyd edilib ki, muxtar respublikada təhsil sistemində aparılan islahatlar, yüksək maddi-texniki baza, ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə zənginləşən məktəblər bunu deməyə əsas verir. Təhsil şöbəsinin müdiri keçirilən tədbiri yüksək qiymətləndirib və şagirdlərin gələcək peşə seçimində bu cür layihələrin əhəmiyyətini xüsusi olaraq dəyərləndirib.

Tibb fakültəsi haqqında məlumat, tədbirin məqsəd və vəzifələri haqqında fakültənin dekanı, dosent Elsevər Əsədov bildirib ki, artıq 20 ildən artıq təcrübəsi olan fakültənin fəaliyyətinə göstərilən dövlət dəstəyinin nəticəsidir ki, bugün Tibb fakültəsi üçün ayrıca bina, xəstəxana mövcuddur. Diqqətə çatdırılıb ki, peşəkar tibbi kadrların hazırlığı üçün xarici universitetlərlə geniş əlaqələrə malik universitetin təcrübə mübadiləsi, tələbə və müəllim mobilliyi, beynəlxalq layihələrdə iştirakı diqqət mərkəzindədir. Müasir avadanlıqlarla zəngin fitoterapiya və digər laboratoriyalarının qurulması fakültənin tədris imkanlarını artırır. Vurğulanıb ki, Tibb fakültəsinin məzunları Naxçıvanda və onun hüdudlarından kənarda – Amerika Birləşmiş Ştatları, Braziliya, İspaniya, Almaniya, İtaliya, Türkiyə və digər ölkələrdə təhsillərini davam etdirərək muxtar respublika səhiyyəsinin inkişafına öz töhvələrini verirlər.

Kardiologiya ixtisası üzrə II kurs həkim-rezident Sara Əzizli bildirib ki, Naxçıvan Dövlət Universitetində təhsil aldığı müddətdə təcrübəli müəllimlərdən dərs alıb, hər il ixtisaslarına göstərilən dövlət dəstəyi hesabına Türkiyə universitetlərində təcrübə kursu keçib, universitetə dəvət edilən xarici və ölkə professorlarının mühazirələrindən faydalanıb. Bugün artıq rezident kimi Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzində bir çox müayinələrdə iştirak edən Sara Əzizli qazandığı təcrübəyə görə universitetə və muxtar respublika xəstəxanalarında keçdikləri təcrübəyə borclu olduğunu diqqətə çatdırıb.

Sonra Ümumi təbabət və gigiyena kafedrasının baş müəllimi, həkim-anestezioloq-reanimatoloq Bəxtiyar Hüseynovun rəhbərliyi ilə “İlk tibbi yardım” simulyasiya nömrələrinin təqdimatı olub. İlk tibbi yardım, həkim gələnə qədər xəstəyə kömək göstərmək qaydaları haqqında məlumat verilib. Sonra isə slaydlar vasitəsilə “Yuxarı tənəffüs yollarına yad cismin düşməsi zamanı, “Ürək tutması və  zəhərlənmələr zamanı ilk tibbi yardım haqda”  Müalicə işi ixtisası üzrə III kurs tələbələri  Ülviyyə Məmmədova, Suada Vahabova, Şahmar Abdiyev  təqdimatlar ediblər. Tələbələrin həmin məlumatları səhnələşdirmək yolu ilə şagirdləri əyani sürətdə çatdırmaları tədbiri daha maraqlı və yaddaqalan edib.

Zərərli içkilər, Aspartam haqda isə Tibbi profilkatika ixtisası üzrə IV kurs tələbələri Şəbnəm Göyüşova, Sürəyya Pərvəreş qazlı içiklərin orqanizmə zərərlərindən, bir çox içkilərin tərkibində olan və dadlandırıcı keyfiyyətə malik olan aspartamın zərərli xüsusiyyətlərindən danışıblar.

Sonda universitetin həkimləri, həkim-rezidentləri, müvafiq ixtisas üzrə yuxarı kurs tələbələri şagirdləri göz, burun-qulaq, ümumi terapiya, kardiologiya üzrə  müayinə ediblər.