Toksikoloji kimya kursu adlı kitabın təqdimatı olub

Toksikoloji kimya kursu adlı kitabın təqdimatı olub

Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, Bəhruz Məmmədov və Əczaçılıq və biokimya kafedrasının müəllimi Zəminə İsmayılovanın həmmüəllifi olduğu Toksikoloji kimya kursu adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib.

          Bu münasibətlə baş tutan tədbirdə ali təhsil müəssisəsinin rektoru Elbrus İsayev diqqətə çatdırıb ki, universitetdə dərs vəsaitlərinin, dərsliklərin, xarici dillərdən tərcümə olunan kitabların sayının günü-gündən artması artıq ənənə halını alıb. Bildirilib ki, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin və Azərbaycan Tibb Universitetinin Əczaçılıq ixtisasında dərs deyən müəllimlər, təhsil alan tələbələr, magistrantlar, aspirant, dissertant və doktorantlar təqdimatı keçirilən dərs vəsaitindən istifadə edə bilərlər. Rektor müəllifləri təbrik edərək, onlara daha böyük yaradıcılıq uğurları arzulayıb.

          Dərs vəsaiti haqqında məruzə edən Əczaçılıq və biokimya kafedrasının müəllimi, biologiya üzrə fəlsəfə doktoru Surə Rəhimova qeyd edib ki, ümumi və xüsusi olmaqla 2 hissədən ibarət olan kitab Toksikoloji kimya fənninin tədris proqramına uyğun hazırlanıb. Diqqətə çatdırılıb ki, ümumi hissədə orqanizmə toksiki təsir göstərən maddələrin qrupları, onların orqanizmə olan zərərli təsirləri, biotransfarmasiyası öz əksini tapıb. Xüsusi hissədə isə kimyəvi quruluşuna görə aid edilən preparatların və maddələrin fiziki-kimyəvi xassələri, bioloji materialdan təcrid edilmə üsulları, vəsfi təyinatı, miqdari analiz üsulları və toksikoloji təsiri qeyd olunub.

          Sonra Kimya kafedrasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Şəmil Mahmudov və Əczaçılıq və biokimya kafedrasının müəllimi Zülfiyyə Seyidzadənin çıxışları dinlənilib.

          Bildirilib ki, dərs vəsaitində müasir cihazların köməyi ilə çox cüzi də olsa rast gəlinən zəhərlərin miqdarının yüksək dəqiqliklə aşkar olunma yolları göstərilib. Vurğulanıb ki, kitab yalnız əczaçıların bakalavr , magistr mərhələləri üçün deyil, eyni zamanda digər tibb ixtisaslarının tələbələri üçün də nəzərdə tutulub ki, zəhərlənmələrin səbəbini və antidotunu aydınlaşdıra bilsinlər.

          Çıxış edənlər müəllifləri təbrik edib, onlara növbəti fəaliyyətlərində uğurlar arzu ediblər.

          Daha sonra müəlliflər çıxış edərək bildiriblər ki, kredit sistemi üzrə tədrisə keçid və təhsildə mütərəqqi üsulların tətbiq edilməsi ilə əlaqəli dərs vəsaiti vacib məsələlərdən biri hesab edildiyindən nəşri nəzərdə tutulub.

          Sonda müəlliflər tələbələrə dərs vəsaitini təqdim ediblər.

Leave a Reply

Your email address will not be published.