Türk Ağsaqqalları Birliyinin, tərkibində millət vəkillərinin də olduğu nümayəndə heyəti Naxçıvana səfər çərçivəsində Ulu Öndər Heydər Əliyevin muzeyini ziyarət ediblər

Türk Ağsaqqalları Birliyinin sədri və tərkibində millət vəkillərinin də olduğu nümayəndə heyəti Naxçıvanda səfər çərçivəsində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, heykəlin önünə gül dəstələri qoyub hörmət və ehtiramlarını ifadə ediblər.  Heydər Əliyev Muzeyi ilə tanışlıq zamanı  muzeyin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev qonaqlara məlumat verib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini əks etdirən muzey 10 may 1999-cu ildən fəaliyyət göstərir. Muzey yarandığı dövrdə də 420 eksponatla fəaliyyətə başlasa da, bu gün muzey fondunda 5379 eksponat mövcuddur.  Muzeyin kitabxanasında ümummilli liderin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar mühafizə və nümayiş olunur. Vurğulanıb ki, Ulu Öndərimizin dünyaya gəldiyi və ilk əmək fəaliyyətinə başladığı şəhərdə yaradılan muzey Ulu Öndərin sağlığında onun şərəfinə yaradılan ilk muzeydir.

Muzeyin direktoru ümummilli liderin həyatı və onun ictimai-siyasi fəaliyyəti barədə  danışıb,  muzeydə sərgilənən dəyərli eksponatlarla qonaqları tanış edib. İştirakçılara ümummilli liderin şərəfli ömür yolunu əks etdirən fotoşəkillər, dahi rəhbərin Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin Sədri olarkən imzaladığı qərarlar, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, xatirə əşyaları və digər dəyərli eksponatlar barədə ətraflı məlumat verilib. Muzeydə sərgilənən eksponatlar qonaqlar tərəfindən maraqla izlənilib, onları maraqlandıran suallar  cavablandırılıb.

Qeyd edək ki, muzeyin həyatında ən əlamətdar hadisələrdən biri 1999-cu ilin oktyabr ayında ulu öndər Heydər Əliyevin muzeyin ekspozisiyası ilə tanış olmasıdır. Bu ziyarət zamanı çəkilmiş fotolar muzeyin dəyərli eksponatları siyahısındadır. Muzeyin xatirə kitabında dünyanın müxtəlif xalqlarının nümayəndələrinin Ulu Öndər haqqında yazdığı fikirlər də maraq doğurur.

Sonda qonaqlar Ulu öndərin zəngin və şərəfli ömür yolunu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi xidmətləri özündə əks etdirən videokompozisiyaya baxıblar.