
Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı Naxçıvan Dövlət Universitetində olub
Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub. İkitərəfli görüşdə universitetin rektoru Elbrus İsayev qardaş ölkənin səfirini salamlayıb və ali təhsil ocağında olmaqdan məmnunluq duyduğunu ifadə edib. Rektor hər iki ölkə arasında olan qardaşlıq münasibətlərinin elmə, təhsilə də müsbət mənada təsirindən danışıb. Elbrus İsayev universitetin maddi-texniki bazası, müasir tədris üsulları , fakültələri və mövcud ixtisaslar haqda ətraflı məlumat verib. Ali təhsil ocağının beynəlxalq əlaqələr sahəsində qazandığı uğurları diqqətə çəkən rektor Türkiyənin 80-dən çox ali təhsil ocağı ilə qurulmuş əlaqələrin müsbət perspektivlərindən danışıb. Türkiyə ilə imzalanan ikili diplom layihələrinin universitetin gələcək perspektivlərində əhəmiyyəti vurğulanıb. Rektor universitetdə təməli qurulan Texnopark layihəsindən danışaraq bu sahədə qardaş ölkənin təcrübəsinin mühüm əhəmiyyətə malik olacağını diqqətə çatdırıb. Bildirilib ki, NDU-da tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində Türkiyə universitetlərinin təcrübəsindən geniş istifadə olunur.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ali təhsil ocağında olmaqdan məmnunluğunu ifadə edib. Səfir birgə təcrübələr, ortaq yayımlar, elmi araşdırmaların əhəmiyyətindən danışıb. Bildirilib ki, universitetləri uğura aparan yolun təməlində ortaq yayımlar, elmi araşdırmalar əsas yer tutur. Diplomat iki ölkənin universitetləri arasında əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulu Məhmət Emin Kiraz da görüşdə iştirak edib.