
Türkiyəli professor ali təhsil ocağının Tibb fakültəsi üçün onlayn seminar-treninq keçib
Xarici ölkə universitetlərinin malik olduğu təcrübəni öyrənmək üçün mütəmadi olaraq Naxçıvan Dövlət Universitetinə professorlar, müvafiq ixtisaslar üzrə təcrübəli mütəxəssislər dəvət olunur. Dünyanı cənginə alan Covid-19 virus infeksiyasının yaratdığı problemlərə baxmayaraq tələbələrin bu dərslərdən yararlanmaları üçün ali təhsil ocağının malik olduğu informasiya kommunikasiya texnologiyaları dəyərləndirilərək mütəxəssislərlə onlayn əlaqə yaradılır. Universitetin Tibb fakültəsinin professor müəllim heyəti, həkim-rezident və tələbələri üçün Türkiyə Respublikası Ərzincan Binəli Yıldırım Universitetinin professoru Vahdet Gülün iştirakı ilə “Psixiatriya” fənnindən onlayn seminar-treninq keçirilib. Azərbaycanın digər rayonlarından da tələbələr daxil olmaqla İran, Türkiyə, Nigeriyadan olan əcnəbi tələbələrin də qatıldğı treninqdə 150-dən çox iştirakçı olub. Universitetin rektoru Elbrus İsayev seminarı giriş sözü ilə açaraq qeyd edib ki, hazırda dünyada sürətlə yayılmağa davam edən yeni tipli koronovirus infeksiyasının bugün Azərbaycanda və muxtar respublikada geniş yayılmasının qarşısını almaq üçün qətiyyətli tədbirlər görülür. Əhalinin maarifləndirilməsi, insanların psixoloji savadlılığının önəm kəsb etdiyi bir dövrdə tələbə-gəncliyin də bu cür treninqlərdə iştirakının vacibliyi vurğulanıb. Keçirilən mühazirələrin, treninqlərin davamlılığını təmin etmək üçün bu seminarın əhəmiyyətinin olduqca böyük olduğu diqqətə çatdıran rektor seminarın işinə uğurlar arzulayıb.
Seminar-treninqdə təbabətin digər sahələrindən fərqli olaraq bir qədər kənarda dayanan psixiatriya elminin tarixinə nəzər salınıb, psixi xəstəliklər haqda ətraflı məlumat verilib. Psixiatriyanın aktual məsələləri, müasir dövrdə insanlarda daha çox görünən psixi pozğunluqlar, psixi problemlərin həllinə erkən yanaşmalar müzakirə olunub. Qeyd edilib ki, 90 % psixi xəstəliklərin yaranma səbəblərini tapmaq qeyri-mümkün olacaq, çünki səbəbləri tapmağa insan beynindən daha güclü cihaz lazımdır. Uzman-həkim Covid-19 virusunun insanlara psixoloji təsirindən də danışıb. Qeyd edilib ki, Korona (Covid-19) virusunun sayının artması ilə bərabər bir çox insanlarda koronofobiya xəstəliyi yaranıb. Bildirilib ki, əhval-ruhiyyənin pessimizmə köklənməsi virusa yoluxmaq riskini bir o qədər artırır. Qorxu və həyəcanın davamlı bir problemə səbəb olacağını söyləyən uzman psixoloq bildirib ki, həyəcan virusun özündən belə daha təhlükəli və zərərlidir. Müəllim və tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb, aparılan müzakirələr treninqi daha maraqlı və yaddaqalan edib.
Qeyd edək ki, Ərzincan Binəli Yıldırım Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında tələbə və müəllim mobilliyi, ikitərəfli əməkdaşlıq mövcuddur. Bu müqaviləyə görə fakültənin hər il 25-30 nəfərlik heyəti yay istehsalat təcrübəsini bu universitetin xəstəxanalarında keçirlər. Naxçıvan Dövlət Universitetinin həkim-rezidentləri isə müqaviləyə uyğun olaraq həmin universitetdə 3-6 aylıq ixtisasartırma kurslarında olurlar. Məlumat üçün onu da bildirək ki, professor Vahdet Gül uzun illər ixtisası üzrə İngiltərə və Almaniyada təhsil alıb, bir neçə xarici dili mükəmməl bilir. Uzmanlıq sahələri psixatriya, klinik biokimya olan həkim universitetin Tibb fakültəsinin kollektivinə təcrübə müddətində köməklik göstərməklə bərabər , həm də elmi fəaliyyətdə-məqalələrin qardaş ölkədə yayımlanmasında da öz köməyini əsirgəməyib.
Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin məzunu olmuş və hal-hazırda İspaniyada həkim-cərrah kimi fəaliyyət göstərən, tibb üzrə fəlsəfə doktoru Elvin Əliyev də müzakirədə iştirak edib, müxtəlif sualları cavablandırıb.