
Türkiyənin Düzce Regional İnkişaf Universiteti Senatının üzvü Dos.dr Taner Atmaca Naxçıvan Dövlət Universitetində ustad dərsi keçib
Ali təhsil ocağının Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə Düzce Regional İnkişaf Universiteti Senatının üzvü Dos.dr Taner Atmaca Naxçıvan Dövlət Universitetində “Sosial elmlərdə tədqiqat” mövzusunda ustad dərsi keçib.
Ali təhsil müəssisəsinin Elmi katibi Orxan Cəfərov baş tutan tədbirdə qonaqları salamlayaraq, təşkil olunan ustad dərsinin tələbələr üçün önəmini vurğulayıb. Bildirilib ki, sosial elmlər cəmiyyətin öyrənilməsi və onun içərisindəki fərdlər arasındakı münasibətlərlə məşğul olan ən vacib akademik fənlərdən biridir.
Sonra Taner Atmacanın “Sosial elmlərdə tədqiqat” mövzusunda çıxışı dinlənilib. Diqqətə çatdırılıb ki, bu mövzunun əsas məqsədi tədqiqat prosesini (problemin müəyyən edilməsi, məlumatların toplanması, məlumatların təhlili və nəticələrin şərhi) araşdırmaq, əsas elmi tədqiqat metodlarını (eksperimental metod, təsviri metod və s.) nəzərdən keçirmək və tələb olunan tədqiqat sualını tapmaqdır. Bildirilib ki, tələbələrin müəyyən bir mövzuda tədqiqat aparması üçün fərziyyələrin qurulması, konseptuallaşdırılması, əməliyyatlaşdırılması, ölçülməsi, məlumatların toplanması, məlumatların təhlili, məlumatların qiymətləndirilməsi, şərh edilməsi və hesabatın yazılması üsullarını öyrənmək xüsusi önəmə malikdir.
Sonda ustad dərsinin iştirakçılarına iştiraketmə vərəqəsi təqdim olunub.