Türkiyənin Hacettepe Universitetinin rektoru  Mehmet Cahit Güranın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində  olub

Türkiyənin Hacettepe Universitetinin rektoru  Mehmet Cahit Güranın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində  olub

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev ali təhsil müəssisəsinin tədris, elmi fəaliyyəti, beynəlxalq əlaqələri ilə bağlı məlumat verib. Qeyd edilib ki, NDU qardaş Türkiyənin bir sıra nüfuzlu universitetləri ilə səmərəli əməkdaşlığa malikdir. NDU-da təhsil alan 2 min nəfərə yaxın əcnəbi tələbənin də çoxu Türkiyədəndir. Ölkəmizdə tibb təhsili verən yeganə Tibb fakültəsi məhz Naxçıvan Dövlət Universitetindədir. 1999-cu ildə  Ümummilli liderimiz Heydər Əliyevin birbaşa qayğısı və tövsiyyəsi ilə yaradılan Tibb fakültəsi ölkəmizin xüsusilə Naxçıvan Muxtar Respublikasının peşəkar tibbi kadrlarla təmin olunmasında mühüm rol oynayıb. Hazırda Naxçıvan səhiyyə sistemində çalışan həkim heyətinin böyük əksəriyyəti məhz bu fakültənin məzunlarıdır. Peşəkar tibbi kadrların hazırlanmasında Türkiyə Cümhuriyyətinin universitetlərinin çox böyük dəstəyi olub. Belə ki, hər il yüzlərlə tələbəmiz Türkiyənin Ankara, Qazi, İstanbul Yeditəpə, Koceli, Ərzurum  Atatürk və.s Universitetlərinin  xəstəxanalarında rotasiya və stajkeçmədə iştirak ediblər. Məzunlarımızdan bir qismi Avropa və Türkiyənin müxtəlif xəstəxanalarında hazırda həkim kimi fəaliyyət göstərirlər. Rektor qeyd edib ki, ötən tədris ilindən isə Türkiyənin qabaqcıl Universitetlərinin professorları Universitetimizə dəvət edilib və uzunmüddətli tədris prosesinə cəlb olunublar. Fakültəmizin müəllim heyətinin Türkiyə Universitetlərində doktorantura təhsili almaları və elmi tədqiqata cəlb olunmaları təşkil edilib. Bütün bu dəstəyə görə rektor Elbrus İsayev Türkiyəli rektor həmkarlarına minnətdarlıq edib.

Hacettepe Universitetin rektoru Mehmet Cahit Güran Naxçıvan Dövlət Universiteti  ilə əməkdaşlığın hər iki universitetə fayda verəcəyini bildirib. O, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin Türkiyənin ən nüfuzlu universitetlərindən biri olduğunu, burada 3 min 700-dən çox akademik heyətin çalışdığını və 53 mindən çox tələbənin təhsil aldığını diqqətə çatdırıb. Bildirilib ki, universitetdə 16 fakültə, 15 institut, 4 peşə məktəbi, 2 məktəb, 1 konservatoriya fəaliyyət göstərir. Universitetdə 98 tədqiqat mərkəzi mövcuddur.

Qeyd edək ki, hər iki universitetin əsası 1967-ci ildə qoyulub.

Sonra qarşılıqlı müzakirələr zamanı Naxçıvan Dövlət Universitetində tibbi kadr hazırlığına dəstək olacağını ifadə edən Türkiyəli rektor növbəti semestrdən etibarən akademik və tələbə mobilliyi proqramlarında, tədris materiallarının təmin olunmasında Hacettepe Universitetinin hər cür köməkliyə hazır olduğunu bildirib. Xüsusilə növbəti tədris ilindən etibarən Naxçıvanda fəaliyyətə başlayacaq Tibb bacısı işi ixtisası üzrə müəllim kadrların təmin olunması və NDU tələbələrinin Hacettepe kitabxanasından faydalanmaq imkanaları barədə razılığa gəlinib.

Naxçıvan Dövlət Universitetində tədrisi ingilis dilində aparılan Tibb ixtisasında Hacettepe akademik heyətinin və xəstəxana təcrübəsindən istifadə barədə imkanlar müzakirə edilib.

Görüş zamanı Naxçıvan Dövlət Universitetinin Tibb Kollecinin də bu imkanlardan maksimum faydalana biləcəyi vurğulanıb, bir sıra tibb texniki ixtisaslarda təhsil alan tələbələrin Haccetepe Universitetində təcrübələrinin təşkilinə razılıq əldə edilib.

Görüşdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova iştirak edib.

Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə fotosu çəkilib.

Leave a Reply

Your email address will not be published.