Türkiyənin nüfuzlu universitetlərinin rektorları Naxçıvan Dövlət Universitetində olublar

Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar, İstanbul Texnik Universitetinin rektoru, professor İsmayıl Koyuncu, Qazi Universitetinin rektoru, professor Musa Yıldız, universitetlərin prorektorları, şöbə müdirləri və dekanlar Naxçıvan Dövlət Universitetində olublar. Qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyaraq hörmət və ehtiramlarını ifadə ediblər. Heydər Əliyev Muzeyinin zəngin ekspozisiyası ilə tanışlıq zamanı qonaqlara məlumat verilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il 18 fevral tarixli Sərəncamı ilə yaradılıb. Buradakı eksponatlar görkəmli dövlət xadiminin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, ulu öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir. Dahi şəxsiyyətin muzeylərə sığmayan zəngin ömür yolunu əks etdirən dəyərli ekspozisiyada ulu öndərimizin uşaqlıq və gənclik dövrləri, təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr, Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrü zəngin materiallarla nümayiş etdirilir.

Ali təhsil ocağının mövcud fakültələriylə tanış olduqdan sonra Tibb fakültəsində olan qonaqlar burada mövcud olan müasir tibbi avadanlıqlar, nəzəri və təcrübi dərslərin keçirilməsi üçün yaradılan laboratoriyalarda olublar. Universitetin Konservatoriyasında olan qonaqlar fakültənin bazasında mövcud olan İnstrumental ifaçılığın Fortepiana, Simli alətlər, Nəfəs alətləri,  Solo oxuma ixtisasları üzrə tələbələrin dərslərində iştirak edib, onların yüksək həvəslə təqdim etdikləri musiqi nömrələrini izləyiblər. Türkiyəli qonaqlar üçün ilk dəfə ali təhsil ocağında qurulan  elektron filarmoniya avadanlığının təqdimatı olub. Bildirilib ki, optik internet vasitəsilə idarə olunan avadanlıqla eyni zamanda 2 fərqli ölkədə konsert yayımlamaq mümkündür. Görüşdə gələcəkdə birgə konsertlərin keçirilməsi barədə razılığa gəlinib. Qonaqlar müəllim və tələbələrdən ibarət Kamera orkestri, Xalq çalğı alətləri ansamblının ifalarını dinləyib, tələbələrin dərs prosesini izləyiblər. Fakültənin sərgi salonunda müəllim və tələbələrin əl işlərindən ibarət sərgiyə baxış olub. Sərgidə rəsm əsərləri, dekorativ tətbiqi sənət nümunələri, zərgərlik məmulatları, heykəltaraşlıq, taxta üzrəində oyma və yandırma üsulu ilə yerinə yetirilən sənət əsərləri qonaqların zövqünü oxşayıb.

Diplomatiya kabinəsində təşkil edilən ikitərəfli görüşdə ali təhsil ocağının rektoru Elbrus İsayev universitetlərarası əlaqələri hər iki ölkənin birgə qardaşlığının nəticəsi kimi dəyərləndirib. Universitetin tanıtım və hər iki ölkə universitetləri arasında keçirilən görüşlərin əks olunduğu videoçarxa baxış olub. Elbrus İsayev və hər üç ölkə universitet rektoru bir-birinə hədiyyələr təqdim edib.

Sonra universitetdə fəaliyyətə başlayacaq Texnopark binasında olan qonaqlara məlumat verilib ki, yeni qurulacaq texnoparkda Energetika, Coğrafiya, Gülkarlıq, Tingçilik, Hovuz, Üzümçülük, Meliorasiya, Arıçılıq, Aqronomluq sahəsi,  Biopark, Texnopark binası, Nəbatət bağı, Kənd təsərrüfatı və Tədris otaqları və Sərgi sahəsi fəaliyyət göstərəcək. Vurğulanıb ki, burada İnnovasiya, Layihələrin əlaqələndirilməsi, İnformasiya Texnologiyaları xidmətləri, Süni intellekt elmi tədqiqat, Startap mərkəzləri İncəsənət, Dizayn və Memarlıq layihələri xidməti, Elektronika otağı, Biznes inkubatoru, İdeya bankı, Co-working mərkəzi, Biopark binasında isə Naxçıvan faunasına aid nümunələrin yerləşdiyi muzey, APİAİR müalicə sahəsi, arı südü, arı zəhəri istehsalı ilə əlaqədar laboratoriya, Arı mayalandırma, barama yetişdirmə sahəsi, dovşan, ağ siçan və zəli yetişdirmə sahələri nəzərdə tutulub.

Naxçıvan Musiqi Kollecində olan qonaqlar kollecin akt zalında müəllim və tələbələrin birgə hazırladığı konsert proqramını yüksək zövqlə dinləyiblər. Kollecin direktoru Məhəbbət Babayeva İstanbul Texnik Universitetinin rektoruna  ən qədim milli zərb alətimiz olan qaval hədiyyə edib.

Universitetin Konservatoriyasında müəllim və tələbələrin iştirakı ilə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyası nümayiş olunub. Qeyd edək ki, tamaşanın bədii rəhbər və quruluşçu rejissoru Azərbaycan Respublikasının əməkdar artisti, dosent Mübariz Əsgərov, dirijoru Azərbaycan Respublikasının xalq artisti, professor Çingiz Axundov, quruluşçu rəssamı isə Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Cavid İsmayılov olan tamaşa türkiyəli qonaqlar tərəfindən alqışlarla qarşılanıb.

Axşam təşkil edilən konsert proqramında konservatoriyanın önündə qonaqlar üçün Orkestr alətləri və dirijorluq kafedrasının nəzdində fəaliyyət göstərən Nəfəsli orkestr ansamblının ifasında marş səsləndirilib.

Türkiyəli qonaqlar Konservatoriyanın və Musiqi Kollecinin birgə səyi nəticəsində axşam saatlarında təşkil edilən  konsert proqramında  Xalq çalğı alətləri kafedrasının təşkilatçılığı ilə musiqi nömrələri dinləyiblər. Fakültənin akt zalında təşkil olunan konsert proqramında M. Maqomayevin “Azərbaycan”, Azərbaycan xalq mahnısı “Laçın”, “Sarı gəlin”, “Qarabağ şikəstəsi” mahnılarla bərabər Motsartın “Türk marşı”, “Yasemen türküsü”, Zülfü Livanellinin “Günəş topla mənim üçün” və digər mahnı və musiqilər səsləndirilib. Hər iki qardaş ölkənin ən gözəl milli mahnısına çevrilmiş “Azərbaycan Türkiyə” musiqisi konsert iştirakçılarının ruhunu oxşayıb.

Qeyd edək ki, görüşdə Azərbaycanın Türkiyədəki Səfirliyinin Təhsil müşaviri Nəcibə Nəsibova da iştirak edib.