
Türkiyənin Orta Doğu Texniki Universitetinin professoru Adəm Kalınlı Naxçıvan Dövlət Universitetinin doktorant və dissertantları üçün vebinar keçib
Naxçıvan Dövlət Universitetində “Qlobal transformasiyalar və ali təhsildə verilənlərə əsaslanan strateji idarəetmə” adlı vebinar təşkil edilib. Türkiyənin Orta Doğu Texniki Universitetinin professoru Adəm Kalınlının keçdiyi vebinarda ali təhsil ocağının Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov professoru salamlayıb. Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olan qardaş ölkənin vətəndaşlarına Allahdan rəhmət, yaralılara isə şəfa diləyib. Rafiq Rəhimov vurğulayıb ki, Naxçıvan Dövlət Universiteti də təbii fəlakətdən zərər çəkən qardaş Türkiyəyə öz maddi-mənəvi dəstəyini göstərib sevinc və kədərdə birgə olduğumuzu dilə gətirib. Prorektor Tükiyə universitetləri ilə qurulan beynəlxalq əməkdaşlıq məsələlərindən danışıb. Bildirilib ki, ali təhsil ocağının beynəlxalq əlaqələrində Türkiyə universitetlərinin çox mühüm bir payı vardır.
Naxçıvan Dövlət Universitetinin İnformasiya-kommunikasiya texnologiyaları və elektron təhsil şöbəsinin müdiri Hüseyn Əsgərli professor haqda məlumat verərək bildirib ki, Orta Doğu Texniki Universitetinin professoru Adəm Kalınlı Kompüter Mühəndisliyi üzrə müəllimdir və onun elmi işləri əsasən süni intellekt metodları və tətbiqləri üzərində cəmlənib. Hazırda Yaxın Şərq Texniki Universitetində Korporativ Məlumatların İdarə Edilməsi üzrə Koordinator vəzifəsində çalışır. O, 16 ildən artıqdır ki, Ali Təhsil Siyasətləri, Layihə Proseslərinin, Tədqiqatların, Performansın, Ali Təhsildə Məlumatların İdarə Edilməsi, Universitetlərin Sıralama Sistemləri və Açıq Elm mövzularında işləyir.
Orta Doğu Texniki Universitetinin professoru Adəm Kalınlı bu günkü vebinarda iştirakı üçün təşəkkür edib, hər iki dövlət arasında mövcud olan qardaşlıq münasibətlərindən doğan sevinc hissini dilə gətirib. Professor Azərbaycan Universitetlərində ali təhsil sistemi üzrə fəaliyyət planının layihəsi, elmi potensialın gücləndirilməsi üzrə təklifləri qeyd edib. Araşdırma universitetləri haqda məlumat verən Adəm Kalınlı Türkiyədə fəaliyyət göstərən universitetlərin elmi potensialı, dünya reytinq sıralamalarında irəliləmələrində professor-müəllim heyətinin elmi nəşrlərinin xüsusi payı olduğunu vurğulayıb. Scopus indeks bazalarına, veb of sciencedə nəşr olunan elmi məqalələr və onlara istinad haqda geniş məlumat verilib. Adəm Kalınlı Türkiyə universitetləri professorlarının beynəlxalq indeks bazalarında nəşr olunan elmi məqalələrini ilbəil artım dinamikasına görə qiymətləndirib. Adəm Kalınlı doktorantura təhsilinə dair məqamlara diqqəti çəkib. Professor Azərbaycan universitetlərində mövcud olan elmi potensialı dəyərləndirərək qeyd edib ki, professor-müəllim heyəti beynəlxalq indeks bazalarına malik nəşrlərə üstünlük verməli, bu cür elmi bazalarda məqalə nəşrinin sayı artırılmalıdır.
İllik akademik performansın qiymətləndirilməsi, universitetlərin idarəetmə prinsipləri, institusional təcrübə nümunələri, ali təhsildə məlumatların idarə edilməsi, verilənlərə əsaslanan strateji idarəetmə, institusional səviyyəli tövsiyələr, elmi nəşrlərin təşviqi və tətbiqinə dair məsələlər vebinar iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda professora universitetin rektoru Elbrus İsayev tərəfindən təşəkkürnamə təqdim edilib.