
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində tibb fakültəsinin fəaliyyəti ilə yaxında tanış olub. Görüş zamanı qonaqlara ali təhsil müəssisəsinin tibb fakültəsi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 20 ildən artıq təcrübəsi olan fakültənin fəaliyyətinə daim dövlət dəstəyi göstərilir. Bu gün tibb fakültəsi üçün ayrıca bina və xəstəxananın mövcudluğu peşəkar kadr hazırlığına öz töhfələrini verməkdədir.
Qeyd edilib ki, tibbi kadrların hazırlığı üçün xarici universitetlərlə geniş əlaqələr, təcrübə mübadilələri, fakültənin beynəlxalq layihələrdə iştirakı, müasir laboratoriyalarının qurulması tədris imkanlarını daha da artırır. Tibb fakültəsinin məzunları nəinki Naxçıvanda hətta onun hüdudlarından kənarda –Amerika Birləşmiş Ştatları, Braziliya, İspaniya, Almaniya, İtaliya, Türkiyə və digər ölkələrdə təhsillərini davam etdirərək muxtar respublika səhiyyəsinin inkişafında mühüm rol oynayırlar.
Məlumat verilib ki, fakültədə tədrisi ingilis dilində “Tibb” ixtisası da bu ildən fəaliyyətə başlayıb. Bundan əlavə Naxçıvan Dövlət Universiteti nəzdində yaxın zamanlarda müasir standartlara cavab verən Tibbi Tədqiqat Klinikası, Tibb fakültəsi, Stomatologiya fakültəsi, Tibb kolleci və bir sıra sosial infrastrukturu özündə cəmləyən yeni tibb kampusunun qurulması xarici dillərdə tibbi kadrların hazırlanması üçün geniş imkanlar yaradacaq və əsaslı baza rolu oynayacaq.
İngilis dilində “Tibb” ixtisasında təhsil alan tələbələrin ixtisasları üzrə tibbi biliklər əldə etmələri, bu ixtisas üzrə Avropanın müxtəlif universitetləri ilə ikili diplom layihələrini həyata keçirməyə, müxtəlif mübadilə proqramları əsasında müəyyən təhsil dövrlərində xarici ölkələrdə təhsil almalarına geniş imkanlar yaradacaq.
İngilis dilində Tibb təhsili sonrakı təhsil səviyyələrində yüksəkixtisaslı kadr kimi formalaşmaqda Avropa universitetlərində rezidentura və ya uzmanlıq təhsili üçün geniş imkanlar yaradacaq.
Qonaqlar fakültədə fəaliyyət göstərən kitabxana, kompüter otağı, histologiya, anatomiya, fizioterapiya, patalogiya, stomatoloji simulyasiya, əczaçılıq simulyasiya kabinələri, kimya, fiziologiya və stomatoloji texniki laboratoriyaları ilə də tanış olublar.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndə heyəti Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Tibb Kollecinin fəaliyyəti ilə də tanış olublar.