“Ümumi riyaziyyat” kafedrasının dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru Miryasin Eminovun 70 illik yubileyi qeyd olunub

“Ümumi riyaziyyat” kafedrasının dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru Miryasin Eminovun 70 illik yubileyi qeyd olunub

Naxçıvan Dövlət Universitetində bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə açan ali təhsil ocağının rektoru Elbrus İsayev qeyd edib ki, Azərbaycan mentalitetində böyüyə, ağsaqqala, müəllimə, ziyalıya xüsusi münasibət, özəl ehtiram var. Xalqına, vətəninə elmi, biliyi ilə xidmət edib gənc nəslə töhfə verən ziyalılar cəmiyyət içərisində sevilən və unudulmaz olur. Rektor vurğulayıb ki, belə ziyalılardan olan Miryasin Eminov uzun illər pedoqoji fəaliyyəti ilə riyaziyyatçı kadrların yetişməsində xüsusi rol oynayıb. Elbrus İsayev yubiliyara universitetin fəxri fərmanını və gül dəstəsini hədiyyə edib.

Fizika-riyaziyyat fakültəsinin dekanı, pedoqogika üzrə fəlsəfə doktoru, dosent Orxan Cəfərov bildirib ki, uzun illərdir pedoqoji fəaliyyəti ilə seçilən Miryasin müəllim 50-dən çox elmi və metodik məqalənin, 2 kitabın müəllifidir. Qeyd olunub ki, Miryasin Eminovun məqalələri Rusiyanın Moskva və Voronej şəhərlərində, Qazağıstanın Alma-Ata, Ukraynanın Kiyev şəhərində nəşr olunub.

“Ümumi və nəzəri fizika” kafedrasının müdiri, fizika üzrə fəlsəfə doktoru, dosent Fərman Qocayev vurğulayıb ki, keçirilən yubiley tədbirləri müəllimlərə verilən dəyərlə bərabər gənc nəslə də yaxşı örnəkdir. Natiq uzun illər çiyin –çiyinə çalışdığı həmkarı ilə bağlı xoş xatirələrini bölüşüb.

Fizika-riyaziyyat fakültəsinin dekan müavini, “Ümumi riyaziyyat” kafedrasının müdiri, baş müəllim Daşqın Seyidov 50 ildir Naxçıvan Dövlət Universitetində çalışan və müəllimi olan Miryasin Eminov haqqında fikirlərini ifadə edib.

Memarlıq və mühəndislik fakültəsinin dekanı, professor Cavanşir Zeynalov çıxış edərək vurğulayıb ki, dərslərdə tələbkarlığı və ciddiliyi ilə seçilən Miryasin Eminov eyni zamanda xeyirxah, səxavətli və tələbələrə qarşı qayğıkeşliyi ilə seçilir.

Sonda yubiliyar 50 illik pedoqoji fəaliyyətindən danışıb və göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.