“Ümumi tarix” kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru İsmayıl Zeynalovun 80 illik yubileyi qeyd olunub

“Ümumi tarix” kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru İsmayıl Zeynalovun 80 illik yubileyi qeyd olunub

Naxçıvan Dövlət Universitetində keçirilən tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev ali təhsil ocağında müəllimlərin yubileylərinin keçirilməsini artıq ənənə halını aldığını qeyd edib. Bildirilib ki, bu gün 80 illik yubileyi qeyd olunan İsmayıl Zeynalovun universitetdə tarixin öyrədilməsi sahəsində müstəsna xidmətləri olub, muxtar respublikada tarixçi kadrların yetişməsinə mühüm töhfələr verib. Bunun nəticəsidir ki, İsmayıl Zeynalovun yetirmələri muxtar respublikanın ictimai-siyasi, mədəni həyatında öz fəaliyyətləri ilə seçilir- deyə rektor vurğulayıb. Elbrus İsayev yubiliyara universitetin fəxri fərmanını və gül dəstəsi hədiyyə edib.

Tarix-filologiya fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Rəsul Bağırov müəllimi və bu gün eyni kollektivdə çalışdığı İsmayıl Zeynalovun 1968-ci ildə Mordoviya Dövlət Universitetini bitirdiyini və 52 illik əmək fəaliyyətini məhz Naxçıvan Dövlət Universitetində davam etdirdiyini diqqətə çatdırıb.

47 illik dostluq münasibətlərindən danışan, “Ümumi tarix” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ələkbər Cabbarov çıxışında qeyd edib ki, İsmayıl Zeynalov peşəkar pedaqoq olmaqla yanaşı gözəl ailə başçısı və cəmiyyətdə seçilən ağsaqqaldır.

“Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq“ kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Məmməd Əliyev İsmayıl Zeynalovun tələbkar və peşəkar müəllim olduğunu və bütün bunlarla yanaşı tələbələrinə qarşı hər zaman xeyirxah və ədalətli olduğunu vurğulayıb.

Tədris və tərbiyə işləri üzrə prorektor Rafiq Rəhimov, Pedaqoji fakültənin dekanı, Vəli Əliyev, fakültənin müəllimləri Abdulla Mustafayev, Qadir Əkbərov yubiliyarla bağlı xoş xatirələrini bölüşüb, ona uzun ömür cansağlığı arzu ediblər.

Qeyd edək ki, İsmayıl Zeynalov çoxillik elmi-pedaqoji fəaliyyətinə görə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı, Naxçıvan Dövlət Universiteti rəhbərliyi tərəfindən fəxri fərmanları ilə təltif olunub. 42 elmi məqalənin və 3 kitabın müəllifi olan İsmayıl Zeynalov həmçinin, ümumittifaq və respublika konfranslarının iştirakçısı olub