Ümummilli lider Heydər Əliyevin 99-cu ildönümü Naxçıvan Dövlət Universiteti və Türk Ağsaqqalları Birliyinin birgə təşkilatçılığı qeyd olunub

Ümummilli lider Heydər Əliyevin 99-cu ildönümü Naxçıvan Dövlət Universiteti və Türk Ağsaqqalları Birliyinin birgə təşkilatçılığı qeyd olunub

Naxçıvan Dövlət Universiteti və Türk Ağsaqqalları Birliyinin birgə təşkilatçılığı ilə ali təhsil ocağında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş, “Heydər Əliyev və Türk dünyası” mövzusunda elmi-praktiki konfrans keçirilib. Universitetin İncəsənət fakültəsində Elmi Kitabxananın təşkilatçılığı ilə “Heydər Əliyev irsinin öyrənilməsi və təbliği” adlı sərgiyə baxış olub. Üç hissədən ibarət olan sərgidə Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Dövlət Universiteti professor-müəllim heyətinin müəllifi olduqları kitablar, monoqrafiyalar, elmi əsərlər, konfrans materialları nümayiş olunub. Ümummilli liderin əziz xatirəsinə ehtiram əlaməti olaraq  sərgidə öz rəmzi mahiyyət etibarilə 99 sayda kitab və qəzet materialı yer alıb. Fakültənin sərgi salonunda İncəsənət fakültəsinin müəllim və tələbələrinin Ümummilli liderin əziz xatirəsinə həsr olunmuş rəngkarlıq, heykəltaraşlıq, tikmə, böyük stenddə güllərdən hazırlanmış portreti və imzası olmaqla ümumilikdə 50-yə yaxın əl işlərinin sərgisi nümayiş olunub.

Fakültənin akt zalında keçirilən tədbirdə Ümummilli lider Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Universitetin rektoru Elbrus İsayev konfrans iştirakçılarını salamlayıb, konfransın işinə uğurlar arzulayıb. Azərbaycanı bu günkü inkişaf səviyyəsinə çatdıran Ulu Öndərin 99-cu ildönümünün Naxçıvanda hətta universitetdə qeyd olunması ümummilli liderin apardığı uğurlu təhsil strategiyası ilə əlaqələndirilib.  Rektor Azərbaycan elminin böyük hamisi Heydər Əliyevin ali təhsil ocağında 4 dəfə olmasını onun Naxçıvan təhsilinə, muxtar respublika ictimai mühitinə verdiyi qiymətin təzahürü kimi dəyərləndirib. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsi müstəqil dövlətçiliyimizin əsasıdır. Azərbaycanın XX əsr tarixinin əlli ildən artıq dövrü Heydər Əliyev şəxsiyyəti ilə, onun böyük quruculuq fəaliyyəti ilə bağlıdır. Diqqətə çatdırılıb ki, Ulu öndərin Naxçıvanın ağır günlərində  onu qorumaqla yanaşı,  hətta ən çətin məqamlarda belə muxtar respublikada qəbul etdiyi qərarlar, nəinki Naxçıvanın hətta Azərbaycanın gələcəyi naminə hesablanmış siyasətin təməl prinsipləri olub.

Türk Ağsaqqalları Birliyinin sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, akademik Sudeif İmamverdiyev sədri olduğu qurumun fəaliyyətindən və birliyin türk dövlətləri ilə birgə keçirdiyi görüşlərdən danışıb. TAİB-nin əsas məqsədlərini diqqətə çatdıran akademik qeyd edib ki, son 30 ildə ölkəmizin qazandığı uğurlar, ictimai-siyasi sferada baş vermiş hadisələrlə bağlı ictimaiyyəti məlumatlandırmaq, gənclərin düşüncəsində dövlətçiliyin formalaşdırılması ilə əlaqədar bəzi məqamları çatdırmaq bizim əsas hədəflərimiz sırasındadır. Vurğulanıb ki, dahi rəhbərin siyasi fəaliyyətinin Naxçıvan dövrü nə qədər çətin və mürəkkəb bir zamana təsadüf etsə də, bu dövr Azərbaycanın müstəqillik tarixində çox böyük dəyərə malikdir. Akademik Ulu Öndərin apardığı məqsədyönlü siyasətin tarixi mərhələlərinə xronoloji qaydada nəzər salıb. Türk Ağsaqqalları Birliyinin sədri Sudeif İmamverdiyev muxtar respublikada aparılan məqsədyönlü siyasəti Ulu öndər ideyalarına sadiqliyin təcəssümü kimi qiymətləndirib.

“Heydər Əliyev siyasi irsinin politoloji aspektləri” mövzusunda çıxışında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, professor Hikmət Babaoğlu qeyd edib ki, Azərbaycan xalqı üçün ümummilli lider, dünya üçün ümumbəşəri dəyər olan Heydər Əliyevin adı və fəaliyyəti Azərbaycan etnosiyasicoğrafiyası ilə məhdudllaşmır. Naxçıvanı Azərbaycanın dövlətçilik, mənəviyyat, ideoloji paytaxtlarından biri adlandıran professor qədim yurd yerini tarixi yaddaş, milli mənəviyyat körpüsü kimi dəyərləndirib. Hikmət Babaoğlu  Heydər Əliyevin siyasi irsini nəinki Azərbaycanla bütün türk dünyası ilə əlaqələndirib. Professor 2003-cü ildə xalqın yüksək etimadı ilə Azərbaycan Prezidenti seçilən cənab İlham Əliyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf və siyasi sabitlik kursunu əzmkarlıqla davam etdirilməsini çox sevindirici hal kimi qiymətləndirib.

YAP Universitet şəhərciyi Ərazi Təşkilatının sədri, Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayev Heydər Əliyevin Naxçıvandan başlanan xilaskarlıq missiyasından danışıb. Vurğulanıb ki, Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin varislik ənənələri ilk dəfə Naxçıvanda bərpa olunub. Diqqətə çatdırılıb ki, Ümummilli lider Heydər Əliyevin siyasi və dövlətçilik irsini öyrənmək, müstəqil dövlət quruculuğunda istifadə etmək, gəncliyin tərbiyəsində bir mayaka çevirmək bizim elmi, siyasi-nəzəri və pedaqoji sahələrdə ən mühüm vəzifələrimizdən biridir.

“Heydər Əliyev və milli şüur konsepsiyası” adlı çıxışında universitetin Fəlsəfə və sosial iş kafedrasının professoru, fəlsəfə elmləri doktoru Məmməd Rzayev vurğulayıb ki, Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini, təmin etməklə bərabər millətimizin və dövlətimizin ideoloji xəttini, söykənəcəyi təməl prinsiplərini irs olaraq müəyyənləşdirən Heydər Əliyev XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi çox görkəmli sima, dövlət idarəçiliyi sahəsində son dərəcə böyük və təcrübəli siyasət adamı, dövlət xadimi idi. Vurğulanıb ki, Ulu Öndər Azərbaycanın, dövlətimizin tarixində həmişəlik qalacaq və həmişə anılacaq şəxsiyyətdir. Onun zəngin dövlətçilik təcrübəsi dünya siyasətçiləri tərəfindən təqdir edilir və yüksək qiymətləndirilir.

Sonda Naxçıvan Televiziyasının hazırladığı “Heydər Əliyev və türk dünyası” adlı film nümayiş olunub. Rektor konfransdan xatirə olaraq akademik Sudeif İmamverdiyevə plaket və hədiyyə təqdim edib. Konfrasda iştirak edənlərə isə iştiraketmə vərəqəsi verilib.

Akademik də öz növbəsində belə mötəbər konfransa ev sahibliyi edən rektoru təşəkkürnamə ilə mükafatlandırıb.

Universitetin İncəsənət fakültəsi müəllim və tələbələrini ifasında konfransın bağlanış konserti olub. Konsertdə ümummilli liderin əziz xatirəsinə həsr olunan və onun sevdiyi mahnılar ifa olunub. M.Maqomayevin “Azərbaycan”, N.Məmmədovun “Sənsən xilaskar”, R.Mirişlinin“Məşəl kimi yanan ürək”, C.Cahangirovun  “Alagöz”, E.Mansurovun “İlhamla sabaha” mahnıları tamaşaçılar tərəfindən yüksək zövqlə dinlənilib.