Ümumtəhsil məktəblərin yüksək bal toplayan abituriyentləri Naxçıvan Dövlət Universitetində olublar
Tədbirdən öncə ali təhsil ocağının tanıtım filmi nümayiş olunub.
Giriş sözü ilə çıxış edən universitetin rektoru Elbrus İsayev sınaq imtahanlarında 500-700 intervalında bal toplayan abituriyentləri universitet haqqında məlumatlandırıb. Qeyd olunub ki, muxtar respublika məktəbliləri arasında yüksək bal toplayan abituriyentlərdən Naxçıvan Dövlət Universitetini seçənlər üstünlük təşkil edir. Diqqətə çatdırılıb ki, bu il 55 illiyi tamam olan ali təhsil ocağı müxtəlif sahələrdə uğurla fəaliyyət göstərən istedadlı məzunları ilə tanınır. Vurğulanıb ki, 8 minə yaxın tələbənin təhsil aldığı universitetin regional və beynəlxalq təhsil əlaqələrində özünəməxsus yeri var. Dünyanın nüfuzlu universitetləri arasında reytinq cədvəlində irəliləməsi də ali təhsil ocağının təhsil keyfiyyətinin yüksəlməsinin nümunəsidir. Rektor bildirib ki, ali təhsil ocağı ilə Türkiyənin qabaqcıl universitetləri arasında əməkdaşlıq müqavilələrinin imzalanması, ikili diplom layihələrinin həyata keçirilməsi gələcəkdə kadr potensialının daha da artmasına zəmin yaradır.
Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri, “Beynəlxalq münasibətlər” kafedrasının baş müəllimi Arzu Abdullayev universitetdə tədris olunan ixtisaslar haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, ötən tədris ilində 70 ixtisas üzrə kadr hazırlığı aparılırdısa, 2022-2023-cü tədris ilində 75 ixtisas üzrə tədris aparılır. Yeni açılan ixtisaslar haqqında məlumat verən Arzu Abdullayev bu ildən tədrisi ingilis dilində aparılan Beynəlxalq münasibətlər, Avropa üzrə Regionşünaslıq, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, sahələr üzrə Dizayn olmaqla ümumilikdə 5 yeni ixtisas üzrə kadr hazırlığı həyata keçiriləcək. Arzu Abdullayev Naxçıvan Dövlət Universitetini seçməyin 25 əsas səbəbini sadalayıb. Tədbirdə həmçinin ixtisas seçimi zamanı abituriyentlərin düzgün sahəyə yönləndirilməsi üçün universitetə müraicət edə biləcəkləri də vurğulanıb.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, “Meliorasiya və geodeziya mühəndisliyi” kafedrasının müəllimi Hüseyn İmanov komitə haqqında məlumat verib. Qeyd olunub ki, cari tədris ilində komitə tərəfindən 1000-dən çox gəncin iştirak etdiyi 24 layihə həyata keçirilib. Vurğulanıb ki, komitədə 2 könüllü təşkilat, 5 ödənişsiz kurs fəaliyyət göstərir.
Sonra ötən dərs ilində 600-700 intervalında bal toplayaraq Naxçıvan Dövlət Universitetini seçən I kurs tələbələrindən İngilis dili ixtisası tələbəsi İnci Hacızadə, Tibb ixtisası tələbəsi Bəhriyyə Mustafayeva və İngilis dili müəllimliyi ixtisası tələbəsi Qumral Qasımova abituriyentlərə ixtisas seçimi zamanı diqqətli olmağı və istədikləri ali təhsil ocağında sevdikləri ixtisası seçmələrini arzu ediblər.
Şagirdlərə universitet barədə broşürlər təqdim olunub. Daha sonra fakültələrin tanıtım filminin nümayişi olub.
Qeyd edək ki, 20 məktəbdən 240 şagirdin iştirak etdiyi tədbir abituriyentlərin fakültələrlə tanışlığı ilə davam edib. Beynəlxalq münasibətlər və hüquq, Xarici dillər, Tibb, Təbiətşünaslıq və Kənd təsərrüfatı, Memarlıq və mühəndislik və İqtisadiyyat fakültələrində dekanlar tərəfindən müvafiq ixtisaslar və fakültələr haqqında ətraflı məlumat verilib.