UNİVERSİTET HAQQINDA

Naxçıvan Dövlət Universiteti 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı kimi fəaliyyətə başlamışdır.
1972-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialının bazasında Naxçıvan Dövlət Pedaqoji İnstitutu yaradılmış, 1990-cı ildə isə Naxçıvan Dövlət Universitetinə çevrilmişdir.
Naxçıvan Dövlət Universitetinin 108 hektarlıq ərazisində 14 tədris korpusu, Konservatoriya, Elektron kitabxana, Sosial Xidmət Mərkəzi, Xəstəxana, Olimpiya idman mərkəzi, 2 stadion və Tələbə evi yerləşir. Azərbaycan ali təhsil sistemində ilk dəfə olaraq tələbələr üçün 3 mərtəbəli sosial xidmət mərkəzi, Qonaq Evi tikilərək istifadəyə verilmişdir. Bu il “Tibb” fakültəsi üçün yeni tədris korpusu inşa olunaraq istifadəyə verilmişdir.
2018-ci il Universitet həyatında əlamətdar il olmuş, Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Dövlət Universiteti Elmi kitabxanasının geniş oxucu kütləsi üçün www.e-kitab.ndu.nmr.az ünvanında Azərbaycan, rus və ingilis dillərində internet səhifəsi yaradılmışdır. Dövri mətbuat fondunda 22.000-dən çox elmi, elmi-kütləvi və ədəbi-bədii mətbuat nümunələri, habelə dissertasiya və avtoreferatlar toplanmışdır. Naxçıvan Dövlət Universiteti Elmi kitabxanası dünyanın 30-dan çox dilində 200.000-ə yaxın fonda malikdir.
Universitetdə 3 internet mərkəzi, nəşriyyat, Media mərkəzi, televiziya studiyası, “Yeni fikir” qəzeti, hüquq klinikası və bir neçə muzey fəaliyyət göstərir. Naxçıvan Dövlət Universitetinin hər bir tədris binasında Wireless antenalar, hotspotlar vasitəsi ilə universitetin kampusunda simsiz internet şəbəkəsindən istifadə olunur.
Naxçıvan Dövlət Universitetində Cənubi Koreyanın KOICA təşkilatı tərəfindən Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastruktu yaradılmışdır. Elektron təhsil, Onlayn Sənəd dövriyyəsi, Akademik İdarəetmə və s. kimi təhsilinin idarəedilməsi modellərini özündə birləşdirən Elektron Universitet nəinki təhsilin elektron vasitələrlə həyata keçirilməsini, eyni zamanda elektron imtahanları da əhatə edir.
Naxçıvan Dövlət Universiteti Amerika Birləşmiş Ştatları, İngiltərə, Çin, Fransa, Almaniya, İspaniya, Avstriya, Cənubi Koreya, Rusiya, Gürcüstan, Türkiyə, Misir, Ərəb Respublikası, Pakistan, Özbəkistan, İran və digər ölkələrin ali məktəbləri ilə geniş əlaqələrə malikdir.
Beynəlxalq əlaqələrin daha da inkişaf etdirilməsində, elm və təhsil sahəsində qazandığı nailiyyətlərə görə, Naxçıvan Dövlət Universiteti Avropa Rektorlar Klubu tərəfindən “Minilliyin Universiteti” adına layiq görülmüşdür.
Yeni nəsil gəncliyin hərtərəfli inkişafını təmin etmək üçün Naxçıvan Dövlət Universitetində yaradılmış Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti, Tələbə Turizm assosiasiyası, Tələbə informasiya mərkəzi, Tələbə teatr və opera studiyaları, xor, vokal və rəqs qrupları, İdman klubu səmərəli fəaliyyət göstərir. Ali təhsil ocağının tələbə təşkilatları universitetdə tələbələrin yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, dünyagörüşünün, təşkilatçılıq qabiliyyətlərinin daha da inkişaf etdirmələrinə, asudə vaxtlarının səmərəli təşkilinə geniş imkan yaradır.
Naxçıvan Dövlət Universiteti Avropa Rektorlar Klubunun, Asiya Universitetlər Assosiasiyasının, Qara Dəniz Hövzəsi Universitetlər Birliyinin, Avrasiya İpək yolu Universitet Rektorları Cəmiyyətinin və Qafqaz Universitetlər Birliyinin üzvüdür. Beynəlxalq təşkilatlarla əlaqələr Naxçıvan Dövlət Universitetində tədris prosesində və elmi-tədqiqat işlərinin təşkilində, habelə idarəetmədə dünya təcrübəsindən yaradıcı şəkildə faydalanmağa imkan yaradır.
Naxçıvan Dövlət Universiteti TEMPUS proqramı üzrə 3 beynəlxalq layihənin iştirakçısıdır. Bundan başqa, 2012-ci ildən etibarən Naxçıvan Dövlət Universitetində Erasmus-Mundus proqramı əsasında da beynəlxalq layihənin tələbə mübadiləsi proqramı həyata keçiriləcəkdir.
Ali məktəblərdə tədrisin keyfiyyətini qiymətləndirmək məqsədi ilə aparılan milli reytinq tədqiqatlarının nəticələrinə əsasən Naxçıvan Dövlət Universiteti aparılmış tədqiqatlar nəticəsində hazırlanmış reytinqdə ali məktəblərin 2015-2016-cı ilin göstəricilərinə əsasən 827 balla Azərbaycanda fəaliyyət göstərən 19 dövlət, 9 qeyri-dövlət ali təhsil müəssisəsi arasında birinci yerə layiq görülüb.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya Şurasının qərarına əsasən, Nazirliyin 19 dekabr 2017-ci il tarixli, 444 nömrəli əmri ilə dövlət ali təhsil müəssisəsi kimi 5 il müddətinə akkreditə olunmuşdur. Naxçıvan Dövlət Universiteti öz məzunlarına həmin əmrdə göstərilmiş ixtisaslar üzrə dövlət nümunəli sənəd (diplom) vermək hüququna malikdir.
Universitetdə elmi-pedaqoji fəaliyyətlə məşğul olan müəllimlərdən 3 nəfəri AMEA-nın müxbir üzvü, 20 nəfəri elmlər doktoru, 151 nəfəri fəlsəfə doktoru, 7 nəfəri professor, 114 nəfəri dosentdir.
Hazırda Naxçıvan Dövlət Universitetində 91 ixtisas üzrə 6137-ə yaxın tələbə təhsil alır.