
Universitetlər arasında Tibb sahəsi üzrə gələcək perspektivlər müzakirə olunub
Onlayn keçirilən görüşdə Tibb sahəsinin inkişafı və bilik mübadiləsi üçün əhəmiyyətli addımlar atan Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən olan İstanbul Yeditəpə Universitetinin rektoru Canan Aykut Bingöl və Qazi Universitetinin rektoru Musa Yıldız ilə universitetlər arasında yaranan sıx əlaqələr, müəllim-tələbə mübadiləsi, təcrübə məşğələlərini yenidən gündəmə gətiriblər.
Görüş zamanı, tibb sahəsində aktual problemlər və onların həlli yolları, təhsil proqramlarının keyfiyyətinin artırılması, tədqiqat layihələri və akademik əməkdaşlıq imkanları kimi müxtəlif məsələlər müzakirə olunub.
Söhbət zamanı universitetlər arasında qurulan əməkdaşlığın tələbə və elmi işçilər arasında mədəni əlaqələrin yaranmasına və tibbi bilik mübadiləsinin intensivləşdirilməsinə öz töhfəsini verdiyi diqqətə çatdırılıb. Həmçinin Elbrus İsayev Naxçıvan Dövlət Universitetinin nəzdində yaradılacaq Tibb fakültəsi üçün kampusun formalaşdırılmasında İstanbul Yeditəpə Universitetinin və Qazi Universitetinin də təcrübələrindən yararlanmağın Tibb sahəsində əldə edilən bilik və təcrübənin təkmilləşdirilməsinə kömək edəcəyini vurğulayıb.
Elbrus İsayev Canan Aykut Bingölə təcrübə prosesində Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələrinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. Rektor görüşdə etdiyi açıqlamada, İstanbul Yeditəpə Universiteti ilə aparılan işbirliyinin Naxçıvan Dövlət Universitetinin tələbə və müəllimləri üçün böyük imkanlar yaratdığını qeyd edib. Oxşar şəkildə, Canan Aykut Bingöl də tələbə və elmi işçilərin tibb sahəsində qarşılıqlı faydalı işlərə imza atmaları üçün əməkdaşlığın önəmini vurğulayıb.
Qazi Universitetində tibbi təhsil və tədqiqat proseslərində iştirak edən müəllim və tələbələrə tərəfdaşlıq və dəstəyə görə təşəkkür ifadə edən rektor, bu əməkdaşlığın öyrənmə mühitini zənginləşdirdiyini vurğulayıb. Musa Yıldız isə görüşdə təcrübə mübadiləsi, elmi layihələr, və tibb sahəsində əməkdaşlığın gələcəkdəki inkişafına dair nəzərlərini paylaşıb.
Görüşdə İstanbul Yeditəpə Universitetində və Qazi Universitetində təcrübə prosesini başa vuran Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələri də iştirak edib.