Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət xadimi, musiqişünas Həcər Babayeva Naxçıvan Dövlət Universiteti tələbələri üçün onlayn ustad dərsi keçib

İncəsənət fakültəsinin müəllim və tələbələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qonağı salamlayaraq ali təhsil ocağında respublikanın tanınmış sənət adamları ilə ustad dərslərin keçirilməsinin ənənə halı aldığını qeyd edib. İncəsənət fakültəsinin fəaliyyəti haqqında məlumat verən prorektor hər kəsə uğurlar arzu edib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət xadimi, musiqişünas Həcər Babayeva görüşdən məmnunluğunu ifadə edərək görkəmli alman bəstəkarı, dirijor, teatr xadimi, publisist, musiqi nəzəriyyəçisi, esseist Rixard Vaqnerin yazdığı memuarlar əsasında topladığı məlumatları müəllim və tələbələrin nəzərinə çatdırıb. Həcər Babayeva bəstəkarın şəxsi keyfiyyətləri, yaradıcılığının səciyyəvi xüsusiyyətləri haqqında auditoriyaya geniş və maraqlı məlumat verib. Qeyd olunub ki, tarixdə ən çox öyrənilən şəxsiyyətlər siyahısına daxil edilən məşhur bəstəkar musiqi sahəsində bir çox nailiyyətlərin, son dərəcə xromatik və sürətlə dəyişən tonal mərkəzlərdən istifadəsi ilə Avropa klassik musiqinin inkişafına böyük təsir göstərib. Bəstəkarın reformaları, xüsusilə də onun həyatı haqqında professorun tələbələr üçün yeni olan araşdırmaları və təqdim etdiyi faktlar böyük marağa səbəb olub.

Sonra Rixard Vaqnerin “Tanqeyzer” operasından məşhur uvertüra dinlənilib.

Görüş zamanı tələbələri maraqlandıran müxtəlif səpgili suallar ətraflı şəkildə cavablandırılıb.