
“Vətənpərvər gənclik və tarixi zəfər” mövzusunda tədbir keçirilib
Naxçıvan Dövlət Universiteti və Naxçıvan Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecində “Vətənpərvər gənclik və tarixi zəfər” mövzusunda panel müzakirə keçirilib.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsinə həsr olunmuş sənədli film izlənilib.
Tədbirdə müstəqil ölkəmiz üçün ən mühüm missiya sayılan ərazi bütövlüyü və suverenliyin bərpasına aparan yola geniş aspektdən nəzər salınıb, qüdrətli Azərbaycanın amalı uğrunda misilsiz xidmətləri olmuş şəxsiyyətlərdən, uğrunda canından, qanından keçən Vətən oğullarından danışılıb. Sonra mövzu ilə bağlı müzakirələrə start verilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin aparat rəhbəri İlhamə Nəzərova, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə, Vətən müharibəsi şəhidi Ramazan Göydağlının atası Əbülfət Əliyev, Vətən müharibəsi şəhidi Şükür Hacıyevin anası Fatma Hacıyeva, Vətən müharibəsi iştirakçısı Sahil Hacıbəyli və Naxçıvan Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi sədri, moderator Hüseyn İmanov çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.