Naxçıvan Dövlət Universitetində Memarların Sərgisi Keçirilib

Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə təsdiq etdiyi muxtar respublikanın 95 illik yubileyinə həsr olunmuş “Tədbirlər Planı”na uyğun olaraq memarlıq sərgisi keçirilib. Naxçıvan Şəhərsalma və Arxitektura Komitəsi, Naxçıvan Dövlət Universiteti, və Memarlar Birliyinin təşkilatçılığı ilə keçirilən sərgidə memar müəllim və tələbələrin əl işləri nümayiş olunub. Tədbiri giriş sözü ilə açan universitetin Memarlıq və mühəndislik fakültəsinin dekanı, professor Cavanşır Zeynalov ali təhsil ocağının rektoru adından qonaqları salamlayaraq sərgi iştirakçılarına uğurlar arzulayıb.

Memarlar Birliyinin sədri Heydər Əhmədov muxtar respublikada hər sahədə olduğu kimi memarlıq sahəsində də yaradılan imkanlardan danışıb. Bildirilib ki, tikinti sektorunun yüksək templə inkişaf etməsi, muxtar respublikada, şəhər və kəndlərdə yeni binaların tikintisi, köhnə binaların əsaslı şəkildə təmiri və yenidən qurulması bu sahənin inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Vurğulanıb ki, bu gün həm də Beynəlxalq memarlar günü kimi də qeyd olunur. Tələbələrlə birgə ustad memarların da qatıldığı sərginin əhəmiyyətindən danışan – birliyin sədri bu cür sərgilərin keçirilməsinin gənc memarların təcrübəsində əhəmiyyətli rol oynadığından danışıb.

Sonra Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Ruslan Kəngərli, Memarlıq kafedrasının müdiri Gülnarə Qənbərova çıxış ediblər.

Sonda əlamətdar tarixi gün münasibətilə tədbir iştirakçılarına hədiyyələr təqdim edilib, sərgiyə baxış olub.