“Xalqımızın qan yaddaşı – 20 Yanvar” adlı tədbir keçirilib

“Xalqımızın qan yaddaşı – 20 Yanvar” adlı tədbir keçirilib

Naxçıvan Dövlət Universitetinin İncəsənət Fakültəsində vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ali təhsil müəssisəsinin rektoru Elbrus İsayev çıxış edərək qeyd edib ki, 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən Ümummilli Lider Heydər Əliyev deyirdi: “20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər”.

Vurğulanıb ki, milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar günü xalqımızın öz azadlığı, suverenliyi uğrunda apardığı mübarizə tarixinin şərəfli bir səhifəsidir. Qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə danışan rektor bildirib ki, xalqımız həmin tarixi  həm də unudulmaz qəhrəmanlıq səhifəsi kimi yaşayıb. “20 Yanvar hadisələrinin təhlili onu göstərdi ki, məkrli qüvvələrin Azərbaycan xalqının əzmini qırmağa yönəlmiş soyqırım faktları xalqımızın əzmini, mübarizliyini daha da möhkəmləndirdi” deyə Elbrus İsayev vurğulayıb.

Diqqətə çatdırılıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin uzun müddət ərzində həyata keçirdiyi güclü dövlət, güclü xalq və güclü ordu strategiyası, ikinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun düşmən üzərində qazandığı parlaq qələbə, ordu-xalq birliyi, xalqımızın mübarizliyini, əzmliliyini bir daha sübut etdi.

Sonra Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədovanın bədii rəhbəri və rejissoru olduğu, Tələbə Teatr Studiyasının “Xatirəniz, ruhunuz həmişə anılacaq” adlı ədəbi-bədii kompozisiyası nümayiş olunub.

          Daha sonra Təsviri incəsənət kafedrasının hazırladığı, 20 Yanvar faciəsinə həsr edilmiş kitab və rəsm əsərlərindən ibarət sərgiyə baxış olub.

Leave a Reply

Your email address will not be published.