
Xarici dillər fakültəsi tələbələrinin iştirakı ilə tamaşa baş tutub
Naxçıvan Dövlət Universitetində Xarici dillər fakültəsinin Tərcümə ixtisası üzrə təhsil alan tələbələr Aqil Abbasın Qarabağ müharibəsi mövzusunda qələmə aldığı Dolu romanı motivləri əsasında tamaşa hazırlayıb.
Bu məqsədlə keçirilən tədbirdə fakültənin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Şirməmməd Qulubəyli çıxışı zaman qeyd edib ki, tamaşa tələbələr arasında vətənpərvərlik hissinin daha da yüksəldilməsi, eyni zamanda onların asudə vaxtlarını daha səmərəli keçirmələri məqsədini daşıyır.
Sonra Tərcümə ixtisası üzrə I kurs tələbələrinin ifasında səslənən Azərbaycan mahnısı izləyicilər tərəfindən alqışlarlara qarşılanıb.
Musiqi nömrəsindən sonra tamaşaya baxış olub. Qeyd edək ki, tələbələr böyük məharətlə aktyorluq nümayiş etdirərək, tamaşaçıların zövqünə oxşayıblar.
Sonda universitetin rektoru Elbrus İsayev çıxış edərək diqqətə çatdırıb ki, tamaşada müəlliflərin və iştirakçıların tələbələrdən ibarət olması sevindirici haldır. Gənclərin milli ruhda, vətənpərvər bir vətəndaş olaraq yetişdiyini deyən rektor, universitetin inkişafında tələbələrin rolunu vurğulayıb. Elbrus İsayev tamaşanın aktual mövzuya həsr edildiyini bildirirək, əməyi keçən hər kəsə təşəkkür edib.