Elxan İsa oğlu Zeynalov

Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsi

Təsviri incəsənət kafedrasının müəllimi

Elxan İsa oğlu Zeynalov 11 aprel 1996-cı ildə Gəncə şəhərində anadan olub. Gəncə şəhərində  M.Müşfiq adına 14 saylı tam orta məktəbdə təhsil alıb. 5-ci sinifdən Gəncə şəhər Uşaq yaradıcılıq mərkəzinin, 8-ci sinifdən isə rəssam Yusif Hüseynovun emalatxanasın tələbəsi olmuşdur. 2014-cü ildə orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında heykəltəraşlıq ixtisasına qəbul olmuşdur.

Elxan İsa oğlu Zeynalov bakalavr təhsilini Xalq rəssamı, professor Tokay Məmmədovun emalatxanasında almışdır. Tokay Məmmədovla yanaşı, Əməkdar rəssam Azad Zeynalov, gənc heykəltəraş Nurlan Məmmədovdan dərslər almış, bir çox sərgilərdə uğurla iştirak etmişdir. Bakalavr təhsilini başa vuran heykəltəraş diplom işi olaraq “İmadəddin Nəsimi” obrazını işləmişdir.

Elxan Zeynalov 2018-ci ildə bakalavr təhsilini başa vuraraq magistraturaya daxil olmuşdur. Elə həmin ildən pedaqoji fəaliyyətinə başlayır. Magistr təhsilinə Xalq rəssamı, akademik Ömər Eldarov, Akif Əsgərov kimi görkəmli heykəltəraşlardan dərs almışdır. Diplom müdafiəsində Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Allahverdi Bağırovun heykəlini hazırlamışdır. Heykəlin Ağdam şəhərində ucaldılması nəzərdə tutulur.

Magistr diplomu müdafiəsindən sonra heykəltaraşın əsas məqsədi Milli Qəhrəmanların, şəhidlərimizin xatirəsini əbədiləşdirmək olmuşdur. Bu mövzuda 2016-cı ilin Aprel döyüşləri şəhidi Pəncəli Teymurovun, Bəxtiyar Hüseynovun, Vətən müharibəsində şəhid olan kapitan Həmid Cəfərlinin, Cəlil Cavadovun, Milli Qəhrəman Çingiz Qurbanov və Milli Qəhrəman, general Polad Həşimovun büstlərini hazırlamışdır. Bu mövzu ilə yanaşı, Xan Şuşinski, Hacı İsmayılov kimi tanınmış sənətkarların portret heykəllərini də ərsəyə gətirib. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tərbiyə müəssisəsində və Bakı İstanbul liseyində pedaqoji fəaliyyət göstərmişdir. 2023-cü il sentyabr ayının 14-dən etibarən Naxçıvan Dövlət Universitetinin Təsviri İncəsənət kafedrasında müəllim vəzifəsində çalışmaqdadır.