Erasmus+ KA1 mübadilə proqramı Avropa Komissiyası tərəfindən maliyyələşən təhsil proqramıdır. Erasmus+ mübadilə proqramının məqsədi ali təhsil müəssisələrində çalışan və təhsil alan gənclərə yeni bacarıqlar qazandırılması, onların fərdi inkişaflarının gücləndirilməsi və məşğulluq imkanlarının artırılmasıdır.
Təqaüd paketinə yiyələnən tələbələr və işçi heyət layihədə müəyyən olunan təhsil aldıqları müddətdə yaşayış, sığorta, viza, gediş və geri dönüş biletləri ilə təmin olunurlar.
Tələblər:
- Erasmus+ mübadilə proqramının qalibi bir təhsil pilləsində bu proqramda yalnız bir dəfə iştirak edə bilər.
- Erasmus+ Mübadilə Proqramı çərçivəsində Avropa ölkələrinin tərəfdaş ali təhsil müəssisəsində bir və ya iki semestr təqaüdlü təhsil almaq istəyən NDU tələbələri təklif olunan yerlər üçün aşağıdakı tələblərə cavab verməlidir:
- Tələbələrin orta balı (ÜOMG) 80-dən yuxarı olmalıdır.
- Dil sertifikatı (ingilis dili B2/C1 səviyyəsində) təqdim edilməlidir. Dil sertifikatı olmayan tələbələr üçün NDU-nun Seçki Komitəsi kafedrası tərəfindən dil səviyyəsi imtahanı keçirilir.
- Yalnız NDU-nun I, II və III kurs bakalavr tələbələri proqramda iştirak edə bilər.
Tələb olunan sənədlər:
- Transkript
- Niyyət məktubu
- Tövsiyə məktubu
- Pasport və ya şəxsiyyət vəsiqəsi
Mübadilə proqramında iştirak edən universitetlərin siyahısı və universitetlər üzrə yerlər hər tədris ili və ya semestr ərzində artırıla bilər. Bu barədə mütəmadi məlumatlar NDU-nun rəsmi saytında, eləcə də Beynəlxalq Əlaqələr Şöbəsinin səhifəsində elan olunur.