Axtarış

AZ EN

NDU-da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

13.11.2026 20:06 149
NDU-da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

NDU-da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Naxçıvan Dövlət Universitetinin Mədəniyyət və Konqres Mərkəzində memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin anadan olmasının 900 illiyinə və “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans bu gün öz işinə başlayıb.

Konfrans Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, eləcə də böyük memarın yubileyinin UNESCO-nun yubileylər proqramında qeyd olunması və ölkəmizdə həyata keçirilən mədəni irsin qorunması siyasəti kontekstində təşkil olunub.

Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət ediblər. Büstün önünə gül dəstələri qoyulub, Ümummilli Liderin ruhuna ehtiram ifadə olunub.

Daha sonra Əcəmi Naxçıvaninin abidəsi ziyarət edilib. Qonaqlar həmçinin “Əcəmi seyrangahı” istirahət kompleksi və Möminə Xatun türbəsində olublar.

Ardınca Memar Əcəmiyə həsr olunmuş kitab sərgisi, eləcə də NDU Memarlıq və mühəndislik və İncəsənət fakültələrinin müəllim və tələbələrinin əl işlərindən ibarət rəsm və memarlıq sərgilərinə baxış keçirilib. Sərgilərdə Əcəmi irsinin zənginliyi, Naxçıvan memarlıq məktəbinin özünəməxsus xüsusiyyətləri və milli-mədəni dəyərlərimiz bədii-estetik şəkildə nümayiş olunub.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.

Əcəmi Naxçıvani və Nizami Gəncəvinin obrazlarını canlandıran və bu dahilərin yaşadığı dövrü əks edən bədii kompozisiya tədbirə xüsusi rəng qatıb.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli konfransda çıxış edərək Əcəmi Naxçıvaninin zəngin yaradıcılıq irsinin öyrənilməsi, Naxçıvan memarlıq məktəbinin dünya memarlıq tarixindəki yerinin araşdırılması və tarixi-mədəni irsin qorunmasının əhəmiyyətini vurğulayıb. Samir Seyidəhmədli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın Naxçıvanın uzunmüddətli sosial-iqtisadi inkişafı üçün strateji əhəmiyyət daşıdığını qeyd edib. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Əcəminin 850 illik yubileyinin keçirilməsi və Prezident İlham Əliyevin 900 illik yubileylə bağlı Sərəncamı bu irsə dövlət qayğısının bariz təzahürüdür. Səlahiyyətli nümayəndənin müavini abidələrin rəqəmsal sənədləşdirilməsi, bərpa işlərinin elmi əsaslandırılması və tarixi şəhər mühitinin qorunması istiqamətində birgə tədqiqatların əhəmiyyətini vurğulayıb. 

NDU-nun rektoru Elbrus İsayev öz çıxışında Əcəmi Naxçıvaninin 900 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasının və UNESCO tərəfindən beynəlxalq miqyasda anılmasının Azərbaycan memarlıq irsinin dünyada tanıdılması baxımından əhəmiyyətini vurğulayıb. Rektor dahi memarın Azərbaycan və türk-islam memarlıq tarixindəki mövqeyinə, yaratdığı memarlıq məktəbinin təsir dairəsinə diqqət çəkib. Qeyd edib ki, Əcəminin əsərləri orta əsrlər Azərbaycanında yüksək mühəndislik təfəkkürünün, estetik zövqün və inkişaf etmiş şəhərsalma mədəniyyətinin göstəricisidir. İpək Yolunun Naxçıvanın tarixi-mədəni əlaqələrinin inkişafındakı roluna toxunan Elbrus İsayev Əcəmi irsinin müasir şəhərsalma ənənələri ilə əlaqəli şəkildə öyrənilməsinin vacibliyini qeyd edib.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxışında Memar Əcəminin Şərqdə özünəməxsus memarlıq məktəbi yaradan, müxtəlif sənət sahələrini öz yaradıcılığında birləşdirən çoxşaxəli və universal sənətkar olduğunu olduğunu vurğulayıb. Möminə Xatun, Yusif ibn Küseyir türbələri kimi nadir memarlıq nümunələrinin onun mühəndislik, nəqqaşlıq və xəttatlıq bacarığının vəhdətini əks etdirdiyini diqqətə çatdırıb.

Konfransda iştirak edən Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkətinin direktoru Erich Pummer, Türkiyənin Mimar Sinan Gözəl Sənətlər Universitetinin prorektoru, professor Nezih Recep Aysel və Çinin Anhui Jianzhu Universitetinin professoru Lei Zhang çıxışlarında Əcəmi Naxçıvaninin dünya memarlıq tarixindəki mövqeyindən, Naxçıvan memarlıq məktəbinin bəşəri irsə verdiyi töhfələrdən və tarixi abidələrin qorunmasının əhəmiyyətindən bəhs ediblər. Qonaqlar konfransın yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildirərək elmi müzakirələrin Əcəmi irsinin daha dərindən araşdırılmasına, memarlıq tarixinin öyrənilməsinə və bu sahədə beynəlxalq elmi əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

Tədbir çərçivəsində Naxçıvan Televiziyası tərəfindən hazırlanmış Əcəmi Naxçıvaniyə həsr olunmuş videoçarx nümayiş olunub.

Daha sonra NDU rektoru Elbrus İsayev tərəfindən tədbirin tərəfdaş qurum rəhbərlərinə və dəvətli qonaqlara təşəkkür plaketləri təqdim olunub.

Konfransın bədii hissəsində NDU-nun müəllimi Əməkdar mədəniyyət işçisi Əkrəm Məmmədli və NDU nəzdində Musiqi Kollecinin müəllimi Hüseyn Mürsəlovun bədii rəhbərliyi ilə universitetdə yeni yaradılmış Qədim Xalq Çalğı Alətləri Ansamblının ifasında rəngarəng musiqi nömrələri təqdim olunub.

Qeyd edək ki, iki gün davam edəcək beynəlxalq elmi konfransda elmi müzakirələr 6 zalda 3 panel və 7 bölmə üzrə aparılacaq. Təqdim olunan tədqiqat materialları 16-sı yerli, 9-u isə xarici olmaqla, ümumilikdə, 25 elm və təhsil müəssisəsini əhatə edir.

Gülay Tahirli

NDU Media və ictimaiyyətlə əlaqələr şöbəsi

Paylaş: