Axtarış

AZ EN

NDU-da YAP-ın yaradılmasının 34-cü ildönümünə həsr olunan tədbir keçirilib

19.11.2026 18:14 175
NDU-da YAP-ın yaradılmasının 34-cü ildönümünə  həsr olunan tədbir keçirilib

Naxçıvan Dövlət Universiteti və Yeni Azərbaycan Partiyasının (YAP) Naxçıvan şəhər təşkilatı ilə birgə partiyanın yaradılmasının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Yeni Azərbaycan Partiyasının yaranması və inkişafının Ümummilli Lider Heydər Əliyevin adı və siyasi fəaliyyəti ilə bağlı olduğunu vurğulayıb. Qeyd edib ki, Ulu Öndərin dövlətçilik təcrübəsi, milli maraqlara əsaslanan siyasi xətti və Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi istiqamətində fəaliyyəti partiyanın ideoloji və təşkilati əsaslarının formalaşmasında mühüm rol oynayıb.

Rektor Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə siyasi sabitliyin, milli birliyin və dövlət müstəqilliyinin daha da möhkəmləndiyini diqqətə çatdırıb. Elbrus İsayev 2026-cı il oktyabrın 2-də keçirilən YAP-ın VIII Qurultayının partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini qeyd edərək, qurultayda siyasi sabitlik, milli təhlükəsizlik, ideoloji dayanıqlılıq və təhsilin cəmiyyətdəki rolu ilə bağlı səsləndirilən fikirlərə toxunub.

Universitetin əsas prioritetlərindən birinin tələbələrin intellektual inkişafı, dövlətə sədaqət və vətənpərvərlik ruhunda yetişdirilməsi olduğunu bildirən rektor YAP-ın universitetdəki ilk təşkilatının fəaliyyətinə də diqqət çəkib. Təşkilatın tərkibində ziyalıların və fəal gənclərin çoxluq təşkil etdiyini vurğulayan rektor gənclərin partiyanın gələcək inkişafında mühüm rol oynadığını bildirib.

YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli çıxışında partiyanın yaranma tarixindən, 34 illik fəaliyyət yolundan və ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs edib. Bildirib ki, 1992-ci il noyabrın 21-də Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis olunan Yeni Azərbaycan Partiyası müstəqil dövlətçiliyin və milli maraqların qorunması naminə cəmiyyətin müxtəlif təbəqələrini birləşdirən siyasi qüvvə kimi formalaşıb.

Elman Cəfərli 2005-ci ildə keçirilən III Qurultaydan sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın fəaliyyətində yeni mərhələnin başlandığını, ölkənin siyasi və iqtisadi müstəqilliyinin daha da möhkəmləndiyini qeyd edib. Partiyanın 34 illik fəaliyyətinin xalqa xidmət, dövlətçilik prinsiplərinə sədaqət və milli maraqların qorunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Sonda YAP-ın 34-cü ildönümü münasibətilə partiya üzvlərindən yubiley yaşını qeyd edən bir qrup universitet müəlliminin mükafatlandırılması mərasimi keçirilib.

Tədbir partiyanın fəaliyyətinə həsr olunmuş videoçarxın nümayişi və YAP himninin səsləndirilməsi ilə yekunlaşıb.

Badəm Əliyeva

NDU Media və ictimaiyyətlə əlaqələr şöbəsi

Paylaş: