I Naxçıvan Beynəlxalq Tibb Günləri çərçivəsində 28 pasiyent oftalmoloji müayinədən keçirilib
I Naxçıvan Beynəlxalq Tibb Günləri çərçivəsində keçirilən ödənişsiz tibbi aksiyalar çərçivəsində Naxçıvan Muxtar Respublika Xəstəxanasının Oftalmologiya şöbəsində pasiyent qəbulu keçirilib.
Sentyabrın 26-da oftalmoloq, Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının əməkdaşı, AOC Gənc Oftalmoloqlar Komitəsində gənc oftalmoloqlarla iş üzrə mentor, Azərbaycanı müxtəlif beynəlxalq elmi konfrans və oftalmoloji platformalarda məruzəçi, moderator və təşkilatçı kimi təmsil edən Dr. Gülnar Əliyeva tərəfindən 28 pasiyent müayinə olunub.
Qəbul zamanı pasiyentlərə rutin oftalmoloji müayinələr aparılıb, refraksiya qiymətləndirilib, zəruri hallarda eynək korreksiyası təyin edilib, həmçinin göz dibi müayinələri həyata keçirilib.
Müayinələr zamanı bir sıra pasiyentlərdə refraksion qüsurlar, digərlərində isə çəpgözlük, uveit, episklerit, laqoftalm və katarakta kimi müxtəlif oftalmoloji patologiyalar aşkarlanıb.
Aşkarlanan patologiyalara uyğun olaraq pasiyentlərə müalicələr təyin edilib və tibbi tövsiyələr verilib.