Axtarış

AZ EN

Naxçıvan Dövlət Universitetində Milli Observatoriya ilə birgə keçirilən master-klaslar uğurla başa çatıb

29.10.2026 09:54 31
Naxçıvan Dövlət Universitetində Milli Observatoriya ilə birgə keçirilən master-klaslar uğurla başa çatıb
Naxçıvan Dövlət Universitetinin Karyera və Ömürboyu Təhsil Mərkəzinin təşkilatçılığı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın əməkdaşlığı ilə “Karyera İnkişaf Həftəsi” çərçivəsində 27–29 oktyabr tarixlərində master-klaslar təşkil olunub.

Üç gün davam edən proqram çərçivəsində tələbələrin fərdi, akademik və peşəkar inkişafına, eləcə də əmək bazarına hazırlığına dəstək məqsədilə beş mövzu üzrə interaktiv təlimlər keçirilib.

Master-klaslar “Sözdən Nəticəyə: Karyerada Məsuliyyət və Öhdəlik”, “Effektiv Ünsiyyət: Dinləmə, Anlama və Təsir Etmə”, “Uğurun Ritmi: Planlama və Təşkilatçılıq”, “Tədqiqat Prosesinin Təşkili və İdarə Olunması” və “Dəyişiklikləri İmkanlara Necə Çevirməli?” mövzularını əhatə edib.

Təlimlər zamanı tələbələrə karyera planlaması, effektiv ünsiyyət, vaxtın idarə olunması, tədqiqat fəaliyyətinin təşkili və dəyişən şəraitə uyğunlaşma bacarıqlarının inkişafı ilə bağlı praktiki biliklər təqdim edilib.

Master-klasların yekununda çıxış edən Naxçıvan Dövlət Universitetinin Karyera və Ömürboyu Təhsil Mərkəzinin müdiri Ruqiyyə Kərimova Milli Observatoriya ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Observatoriyanın peşəkar mütəxəssisləri tərəfindən keçirilən üçgünlük təlim silsiləsinin tələbələrin karyera planlaması, məsuliyyətli yanaşma, effektiv ünsiyyət, tədqiqatçılıq və dəyişikliklərə çevik uyğunlaşma bacarıqlarının inkişafına mühüm töhfə verdiyini bildirib.

Sonda iştirakçıların sualları cavablandırılıb, mövzular ətrafında interaktiv müzakirələr aparılıb.

Qeyd edək ki, “Karyera İnkişaf Həftəsi” tələbələrin peşəkar inkişafının dəstəklənməsi, əmək bazarının tələblərinə uyğun bacarıqlarının formalaşdırılması və universitetlə əmək bazarı subyektləri arasında əməkdaşlığın genişləndirilməsi məqsədinə xidmət edir.
Paylaş: