Axtarış

AZ EN

NDU-da “Sözümüz imzamızdır!” və “Arı” kitablarının təqdimatı keçirilib

07.11.2026 12:22 122
NDU-da “Sözümüz imzamızdır!” və “Arı” kitablarının təqdimatı keçirilib

Naxçıvan Dövlət Universitetinin (NDU) “Bələdiyyə və turizm” kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarovun müəllifi olduğu “Sözümüz imzamızdır!” və “Arı” kitablarının təqdimat mərasimi keçirilib.

Tədbirin açılışında çıxış edən rektor Elbrus İsayev Əli Cabbarovun publisistik, elmi-pedaqoji və tərcüməçilik fəaliyyətindən söz açıb. Müəllifin ictimai-siyasi proseslərə fəal münasibətini, cəmiyyətdəki aktual məsələləri tənqidi baxışla qələmə almasını vurğulayan rektor 100-dən artıq mətbuat materialının kitab şəklində nəşrini onun uzunillik yaradıcılıq fəaliyyətinin göstəricisi kimi dəyərləndirib.

Elbrus İsayev qeyd edib ki, “Sözümüz imzamızdır!” kitabında Azərbaycan xalqının müasir tarixində mühüm yer tutan Qarabağ Zəfəri siyasi, tarixi və dövlətçilik kontekstində işıqlandırılıb. Kitabda həmçinin müstəqil Azərbaycanın artan qüdrəti, milli həmrəyliyin möhkəmlənməsi və beynəlxalq nüfuzunun yüksəlməsi məsələlərinin ön plana çəkildiyini bildirib. Rektor görkəmli alim, professor Hüseyn Həşimlinin əziz xatirəsinə ithaf olunan “Arı” kitabının nəşrini də xüsusi qeyd edərək bu addımın alimin elmi və mənəvi irsinə ehtiramın ifadəsi olduğunu qeyd edib.

NDU-nun “Jurnalistika və rəqəmsal media” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərov çıxışında “Arı” kitabının ideya-məzmun xüsusiyyətləri barədə ətraflı danışıb. Görkəmli alim, professor Hüseyn Həşimlinin xatirəsinə ithaf olunan nəşrin satirik və tənqidi məqalələrdən ibarət olduğunu diqqətə çatdırıb. Kitabda erməni terrorizmi və onun təbliğatına qarşı publisistik mövqe ilə yanaşı, cəmiyyətdəki sosial problemlərin, ictimai nöqsanların, vətəndaş məsuliyyəti və milli-mənəvi dəyərlərin də əhatə olunduğunu bildirib. İman Cəfərov nəşrin qaldırdığı problemlər və müəllifin yazı üslubu baxımından tələbələr, gənc jurnalistlər və geniş oxucu auditoriyası üçün əhəmiyyətini vurğulayıb.

Tədbirdə çıxış edən İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru Əşrəf Ələkbərov, “Bələdiyyə və turizm” kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Flora Kərimova və “Şərq qapısı” qəzetinin baş redaktoru Ramzi Tahirli nəşrlərin məzmunu, müəllifin yaradıcılıq yolu və publisistik fəaliyyətinin əsas istiqamətləri barədə fikirlərini bölüşüblər. Çıxışlarda kitabların milli mətbuat ənənələrinin yaşadılması, tarixi yaddaşın qorunması, dövlətçilik ideyalarının və milli-mənəvi dəyərlərin təbliği baxımından əhəmiyyəti vurğulanıb. Həmçinin Əli Cabbarovun mətbuatla uzunmüddətli əməkdaşlığı, aktual ictimai məsələlərə münasibəti və müəllif mövqeyi yüksək qiymətləndirilib.

Müəllif Əli Cabbarov çıxışında ölkədə və muxtar respublikada mətbuatın inkişafı üçün yaradılan şəraitin jurnalistlərin fəaliyyətinə verdiyi töhfədən danışıb. Müəllif kitabların ərsəyə gəlməsində əməyi olanlara, xüsusilə, sponsor “Sirab” şirkətinə minnətdarlığını bildirib.

Daha sonra müəllif Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində iştirak edərək şəhidlik zirvəsinə ucalmış Kükü kəndinin qəhrəmanları Müşfiq Həsənov, Novruzəli Quliyev və Kamran Hüseynovun, eləcə də mərhum professor Hüseyn Həşimlinin ailə üzvlərinə, həmçinin digər tədbir iştirakçılarına yeni nəşrlərini təqdim edib.

Sonda xatirə fotosu çəkdirilib.

Paylaş: