Axtarış

AZ EN

NDU nümayəndə heyəti Çində beynəlxalq elmi forumda iştirak edib

27.10.2026 12:10 98
NDU nümayəndə heyəti Çində beynəlxalq elmi forumda iştirak edib

Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti Çinin Sanya şəhərində keçirilən Asiya Elmlər Akademiyasının (AEA) Baş Assambleyasında və “Bir kəmər, bir yol: Ortaq elmi və texnoloji gələcəyin formalaşdırılması” (FAH-LSF-26) Birinci Asiya Yüksək Səviyyəli Elmi Forumunda iştirak edib.


Forumun ilk günündə Nobel mükafatı laureatları Rae Kwon Chung (Cənubi Koreya) və Takaaki Kajita (Yaponiya), UNESCO Elm laureatı, görkəmli alim Atta-ur-Rahman, eləcə də Özbəkistan, Pakistan, Tacikistan, Gürcüstan, Monqolustan və Başqırdıstanın elmlər akademiyalarının prezidentləri, Çin Ətraf Mühitin Mühafizəsi Sənayesi Assosiasiyasının vitse-prezidenti Pansheng Qian çıxış ediblər. Çıxışlarda beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, elmi əlaqələrin inkişaf perspektivləri və ortaq texnoloji gələcəyin formalaşdırılması məsələləri diqqətə çatdırılıb.


Tədbirin ikinci günündə Asiya Elmlər Akademiyasına yeni qəbul edilmiş üzvlərin təqdimatı və diplomların təqdimolunma mərasimi keçirilib. Yeni üzvlər sırasında Nobel mükafatı laureatı, koreyalı professor Rae Kwon Chung, çinli professor Zhang Qi, qazaxıstanlı professor Serik Irsaliyev, amerikalı professor Joe Wu, pakistanlı professor Muhammad Ashraf, özbəkistanlı professor Bobomurat Ahmedov, qırğızıstanlı professor Akumbek Abdykalyakov və rusiyalı professor Albert Latypov kimi tanınmış alimlər yer alıblar.


Baş Assambleyanın iclasında Asiya Elmlər Akademiyasının fəaliyyəti, qurumun inkişafı üçün yaradılan yeni imkanlar və gələcək perspektivlər müzakirə olunub.


NDU nümayəndə heyətinin beynəlxalq elmi platformada iştirakı universitetin elmi əlaqələrinin genişləndirilməsi, müxtəlif ölkələrin elmi müəssisələri ilə əməkdaşlıq imkanlarının dəyərləndirilməsi və qabaqcıl təcrübələrin öyrənilməsi baxımından əhəmiyyət daşıyır. Bu iştirak universitetin beynəlxalq elmi mühitə inteqrasiyasına və elmi əməkdaşlıq əlaqələrinin inkişafına töhfə verir.

Paylaş: