Axtarış

AZ EN

NDU-nun ilk müəllimlərindən olan İsmayıl Zeynalovun 85 illik yubileyi qeyd olunub

21.11.2026 12:18 129
NDU-nun ilk müəllimlərindən olan İsmayıl Zeynalovun 85 illik yubileyi qeyd olunub

Naxçıvan Dövlət Universitetində “Ümumi tarix və muzeyşünaslıq” kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru İsmayıl Zeynalovun 85 illik yubileyi qeyd olunub.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev yubilyarın 60 illik elmi-pedaqoji fəaliyyətindən, Naxçıvan Dövlət Universitetinin yaranması, formalaşması və inkişafı prosesindəki xidmətlərindən bəhs edib. Qeyd olunub ki, İsmayıl Zeynalovun elmi-pedaqoji fəaliyyəti universitetin 60 illik tarixi ilə eyni dövrü əhatə edir. Naxçıvan Dövlət Universitetinin ilk müəllimlərindən olan yubilyar bu ali təhsil ocağının təşəkkülü və inkişafının müxtəlif mərhələlərində yaxından iştirak edib. Rektor onun peşəkarlığını, intizamını, tələbkarlığını, zəngin pedaqoji təcrübəsini və kollektivdə qazandığı nüfuzu xüsusi vurğulayıb. Rektor tərəfindən yubilyara təşəkkürnamə və müxtəlif hədiyyələr təqdim edilib.

Tarix-filologiya fakültəsinin dekanı, dosent Arif Ağalarov çıxışında İsmayıl Zeynalovun Naxçıvan ziyalıları arasında elmi fəaliyyəti, səmimiyyəti və yüksək mənəvi keyfiyyətləri ilə seçildiyini bildirib. Yubilyarın fakültə kollektivində ağsaqqal mövqeyini, tələbələrə diqqətini, gənc nəslə qayğısını və müəllimlər üçün örnək olan fəaliyyətini xüsusi vurğulayıb.

Tədbirdə həmçinin universitetin məsləhətçi professoru Hacıfəxrəddin Səfərli, “Azərbaycan tarixi” kafedrasının müdiri Xəzər Hüseynov, “Ümumi tarix və muzeyşünaslıq” kafedrasının müdiri Rəsul Bağırov, “Ədəbiyyat və kitabxanaçılıq” kafedrasının müdiri Nurlana Əliyeva, professor Sədaqət Həsənova və “Tarix” ixtisası üzrə təhsil alan koreyalı tələbə Park Hyunsook çıxış ediblər. Çıxışlarda İsmayıl Zeynalovun uzunillik elmi-pedaqoji fəaliyyəti, universitetin formalaşması və inkişafındakı xidmətləri, müəllim kimi tələbələrə münasibəti, prinsipiallığı və tələbkarlığı, eləcə də həmkarları arasında qazandığı hörmət və nüfuz diqqətə çatdırılıb.

Yubilyar İsmayıl Zeynalov çıxışında göstərilən diqqət və ehtirama görə universitet rəhbərliyinə, həmkarlarına və tədbir iştirakçılarına minnətdarlığını bildirib. Naxçıvan Dövlət Universitetinin yaranma və inkişaf tarixindən, ali təhsil ocağında çalışdığı illər ərzində şahidi olduğu dəyişikliklərdən, universitetin tədris və elmi potensialının genişlənməsindən danışıb. Universitetin keçdiyi inkişaf yolunu böyük qürurla izlədiyini vurğulayan İsmayıl Zeynalov doğma kollektivlə bağlı xatirələrini bölüşüb.

Sonda xatirə fotosu çəkdirilib. 

Paylaş: