NDU-nun təşkilatçılığı ilə “Orqanik və dayanıqlı kənd təsərrüfatı: Ekoloji tarazlıq və dayanıqlı inkişaf” mövzusunda II Respublika Elmi Konfransı keçirilib
29.10.2026
09:26
29
Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə universitetin nəzdində Texniki Kollecdə “Orqanik və dayanıqlı kənd təsərrüfatı: Ekoloji tarazlıq və dayanıqlı inkişaf” mövzusunda II Respublika Elmi Konfransı keçirilib.
Konfrans Naxçıvan Dövlət Universitetinin ev sahibliyi, Azərbaycan Dövlət Aqrar Universiteti, Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri, Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun tərəfdaşlığı ilə təşkil olunub.
Tədbir iştirakçıları əvvəlcə kənd təsərrüfatı sahəsində elmi tədqiqatların nəticələrini əks etdirən kənd təsərrüfatı məhsullarının sərgisi ilə tanış olublar. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransın açılışında çıxış edən NDU-nun rektoru Elbrus İsayev aqrar sektorun inkişafında elmi tədqiqatların, dövlət dəstəyinin və elmi-praktik əməkdaşlığın əhəmiyyətini vurğulayıb. İqlim dəyişikliyi, su ehtiyatlarının məhdudluğu və torpaq deqradasiyası kimi qlobal çağırışların elmi əsaslarla araşdırılmasının, tədqiqat nəticələrinin kənd təsərrüfatında tətbiqinin vacibliyini diqqətə çatdırıb. Rektor universitetdə aqrar sahə üzrə kadr hazırlığının genişləndirilməsi, elmi-tədqiqat imkanlarının inkişafı, yeni laboratoriyaların yaradılması və bitki ehtiyatlarının öyrənilməsi istiqamətində görülən işlərdən danışaraq alimlər, fermerlər və dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini qeyd edib.
Konfransda Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Rafail Quliyev və NDU-nun professoru, AMEA-nın həqiqi üzvü Tariyel Talıbov çıxış ediblər. Çıxışlarda aqrar sektorun dayanıqlı inkişafı, su və torpaq ehtiyatlarından səmərəli istifadə, iqlim dəyişikliyinin təsirləri və müasir elmi yanaşmaların tətbiqi məsələləri diqqət mərkəzində olub.
Konfrans çərçivəsində ekoloji cəhətdən təmiz qida məhsullarının istehsalı, təbii ehtiyatlardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi, torpaq və su ehtiyatlarının qorunması, eləcə də iqlim dəyişiklikləri şəraitində dayanıqlı kənd təsərrüfatı sistemlərinin formalaşdırılması istiqamətində aparılan tədqiqatların nəticələri təqdim olunub və müzakirə edilib.
Tədbirin əsas məqsədi orqanik məhsullara artan tələbat fonunda dayanıqlı kənd təsərrüfatının rolunu, müasir elmi yanaşmaları və qabaqcıl təcrübələri müzakirə etmək, regionların təbii-iqlim xüsusiyyətlərinə uyğun həll yollarını dəyərləndirmək və elmi-praktik əməkdaşlığı genişləndirmək olub.
Sonda konfransın tərəfdaş qurumlarına universitet tərəfindən təşəkkür plaketləri təqdim olunub.