NDU-nun professor və dosentinin yubileyləri qeyd olunub
Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində “Mühasibat və maliyyə” kafedrasının müdiri, professor Teymur Abbasovun 70, “İqtisadiyyat və marketinq” kafedrasının dosenti Həsən Məmmədovun isə 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Rektor Elbrus İsayev çıxışında fakültə kollektivini yeni binaya köçməsi münasibətilə təbrik edərək bu yeniliyin tədris və elmi fəaliyyətin daha səmərəli təşkili baxımından əhəmiyyətini vurğulayıb. Rektor yubilyarların uzunillik pedaqoji fəaliyyətindən, universitetin təhsil və elmi mühitinin inkişafına verdikləri töhfələrdən bəhs edərək onların əməyini yüksək qiymətləndirib. Elbrus İsayev hər iki müəllimi yubileyləri münasibətilə təbrik edib, onlara Naxçıvan Dövlət Universitetinin Fəxri fərmanlarını və portretlərini təqdim edib.
İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Əşrəf Ələkbərov yubilyarların həyat və fəaliyyət yolu, elmi-pedaqoji nailiyyətləri və təltifləri barədə məlumat verib. Bildirilib ki, professor Teymur Abbasov 2007-ci ildə səmərəli pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif olunub, 2011-ci ildə isə elmi nailiyyətlərinə görə ictimai elmlər üzrə “İlin alimi” fəxri adına layiq görülüb. Dosent Həsən Məmmədovun müxtəlif müəssisələrdəki məsul vəzifələrdə fəaliyyəti, zəngin pedaqoji təcrübəsi və universitetin inkişafına verdiyi töhfələr xüsusi vurğulanıb.
Tədbirdə çıxış edən “Bələdiyyə və turizm” kafedrasının müdiri Flora Kərimova, “Beynəlxalq ticarət və menecment” kafedrasının müdiri Cavadxan Qasımov, “İqtisadiyyat və marketinq” kafedrasının müdiri Eltun İbrahimov, “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının dosenti Xanəli Kərimli yubilyarları təbrik edərək onların elmi-pedaqoji fəaliyyətini yüksək qiymətləndirib, gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayıblar.
Yubilyarlar göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Ardınca yubilyarlara hədiyyələr təqdim olunub. Tədbir fakültənin özfəaliyyət kollektivinin ifasında Azərbaycan xalq mahnıları və musiqi nömrələri ilə yekunlaşıb. “Sarı gəlin”, “Bu qala, daşlı qala” kimi mahnılar iştirakçılara xoş anlar yaşadıb.
Badəm Əliyeva
NDU Media və ictimaiyyətlə əlaqələr şöbəsi