Axtarış

AZ EN

NDU-da Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələr mövzusunda tədbir keçirilib

12.10.2026 18:56 416
NDU-da Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələr mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələr mövzusunda Naxçıvan Dövlət Universiteti və YAP Naxçıvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilib.


Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.


Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında VIII Qurultayın siyasi və ictimai əhəmiyyətindən bəhs edib. Qurultayda Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən strateji istiqamətlərin müasir dövrün çağırışları baxımından əhəmiyyətini qeyd edərək universitetlərin bu hədəflərin reallaşdırılmasında üzərinə düşən məsuliyyətə diqqət çəkib. Rektor ali təhsil müəssisələrində gənclərin milli-mənəvi dəyərlərə və dövlətçilik prinsiplərinə bağlılığının gücləndirilməsinin, onların müasir bilik və bacarıqlara yiyələnməsinin vacibliyini vurğulayıb. Eyni zamanda informasiya təhlükəsizliyinin təmin olunması və kibertəhdidlərə qarşı maarifləndirmə işinin gücləndirilməsinin qarşıda duran mühüm vəzifələrdən olduğunu qeyd edib.


Tədbirdə çıxış edən YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasından sonra keçirilən qurultay ölkənin yeni inkişaf mərhələsinin prioritetlərini müəyyənləşdirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin çıxışında Azərbaycanın qazandığı nailiyyətlərə, beynəlxalq münasibətlər sistemində artan roluna və qarşıdakı dövr üçün strateji hədəflərinə  toxunduğunu vurğulayan Elman Cəfərli bu uğurların təməlində Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik xəttinin dayandığını qeyd edib.


YAP Universitet ərazi partiya təşkilatının sədri Bəhruz Məmmədov çıxışında qurultaydan irəli gələn vəzifələrin universitet mühitində həyata keçirilməsi və tələbələrin ictimai-siyasi fəallığının artırılması məsələlərindən danışıb.


Sonda YAP-a yeni qəbul olunan tələbələrə üzvlük vəsiqələri təqdim edilib. Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.


Paylaş: