Axtarış

AZ EN

NDU-da ingilis dili üzrə yeni dərsliyin təqdimatı keçirilib

04.11.2026 17:56 76
NDU-da ingilis dili üzrə  yeni dərsliyin təqdimatı keçirilib

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “İngilis dili və tərcümə” kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Tehranə Xudaverdiyevanın müəllifi olduğu “Integrated language skills for ELT students” adlı dərsliyin təqdimatı keçirilib.

Təqdimat mərasimində çıxış edən beynəlxalq əlaqələr üzrə prorektor, “İngilis dili və tərcümə” kafedrasının baş müəllimi Aidə Cəlilzadə müəllifi yeni nəşr münasibətilə təbrik edərək dərsliyin ingilis dilinin tədrisi baxımından əhəmiyyətini vurğulayıb. Prorektor kitabda dil bacarıqlarının kompleks şəkildə inkişaf etdirilməsinə diqqət çəkərək kitabın növbəti nəşrlərinin daha da təkmilləşdirilməsi ilə bağlı öz təkliflərini irəli sürüb.

Xarici Dillər fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Məmmədova, dekan müavini, filologiya üzrə fəlsəfə doktoru Yasin Babazadə, NDU-nun Tərcümə Mərkəzinin tərcüməçisi, “İngilis dili və tərcümə” kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Süsənbər Ağamalıyeva, kafedranın baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Sərcan Sadiqova və digər çıxışçılar nəşrin məzmunu, elmi-metodiki xüsusiyyətləri və tədris prosesində tətbiqi imkanları barədə fikirlərini bölüşüblər.

Qeyd olunub ki, dərslik əsasən B2–C1 dil səviyyəsinə malik şəxslər, xüsusilə ingilis dili müəllimliyi, ingilis filologiyası və dilçilik ixtisasları üzrə təhsil alan tələbələr, eləcə də IELTS imtahanına hazırlaşanlar üçün nəzərdə tutulub. Nəşr elm, təbiət, texnologiya, insan şüuru və ünsiyyət kimi müxtəlif istiqamətləri əhatə edən 30 mövzudan ibarətdir. Hər bir mövzu üzrə müzakirə sualları, akademik lüğət ehtiyatının zənginləşdirilməsinə yönəlmiş çalışmalar, qrammatik tapşırıqlar, oxuyub-anlama, yazı və danışıq fəaliyyətləri təqdim edilir.

Dərsliyin əsas üstünlüklərindən biri dil öyrənmənin ayrı-ayrı istiqamətlərini vahid tədris yanaşmasında birləşdirməsidir. Kitabda akademik mətnlər əsasında hazırlanmış oxuyub-anlama tapşırıqları, IELTS formatına uyğun çalışmalar, strukturlaşdırılmış yazı nümunələri, esse mövzuları, danışıq kartları və tələffüz üzrə fəaliyyətlər yer alıb. Bu yanaşma tələbələrin yalnız dil biliklərini deyil, həm də analitik və tənqidi düşünmə, fikirlərini əsaslandırma və akademik ünsiyyət bacarıqlarını inkişaf etdirməyə xidmət edir.

Müəllif Tehranə Xudaverdiyeva təqdimat iştirakçılarına göstərilən diqqətə, səsləndirilən dəyərli fikirlərə və tövsiyələrə görə minnətdarlığını bildirib.

Sonda müəllifə gül dəstəsi təqdim olunub.

Badəm Əliyeva

NDU Media və ictimaiyyətlə əlaqələr şöbəsi

Paylaş: