Axtarış

AZ EN

NDU-nun Beynəlxalq Məktəbində yeni tədris ilinin ilk zəngi çalınıb

15.09.2026 15:05 31
NDU-nun Beynəlxalq Məktəbində yeni tədris ilinin ilk zəngi çalınıb

“15 Sentyabr – Bilik Günü” və 2026–2027-ci tədris ilinin başlanması münasibətilə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbində tədbir keçirilib.


Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, NDU nəzdində Beynəlxalq Kembric Məktəbinin və Gimnaziyanın rəhbərliyi, müəllimlər, valideynlər, şagirdlər və qonaqlar iştirak ediblər.


Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev şagirdləri, müəllimləri və valideynləri Bilik Günü, o cümlədən yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. Rektor bildirib ki, universitetin nəzdində fəaliyyət göstərən Beynəlxalq Kembric Məktəbi və Gimnaziyada müasir təhsil yanaşmalarının tətbiqi, keyfiyyətli tədris mühitinin formalaşdırılması və şagirdlərin gələcəyin çağırışlarına uyğun hazırlanması əsas prioritetlərdəndir.


Elbrus İsayev qeyd edib ki, hər iki təhsil müəssisəsində şagirdlərin akademik bilikləri ilə yanaşı, müstəqil düşünmə, araşdırma, yaradıcılıq, ünsiyyət və liderlik bacarıqlarının inkişafına xüsusi diqqət yetirilir. Məktəbdə yaradılmış müasir və innovativ təhsil mühitinin şagirdlərin potensialının üzə çıxarılması və onların hərtərəfli inkişafı üçün geniş imkanlar yaratdığını vurğulayan rektor kollektivə yeni tədris ilində uğurlar, şagirdlərə isə yüksək nailiyyətlər arzulayıb.


Tədbirdə NDU nəzdində Gimnaziyanın 2025–2026-cı tədris ilində əldə etdiyi yüksək nəticələr xüsusi diqqətə çatdırılıb. Bildirilib ki, Gimnaziyanın 54 məzununun hamısı ali təhsil müəssisələrinə qəbul olunaraq 100 faizlik nəticəyə imza atıb. Məzunlardan 16 nəfər 600-dən, 31 nəfər isə 500-dən yuxarı bal toplayıb. 30 məzun fərqlənmə attestatına, 2 məzun isə qızıl nişana layiq görülüb.


Gimnaziyaya marağın ildən-ilə artdığı da qeyd olunub. 2026–2027-ci tədris ili üçün VI sinfə keçirilən qəbul imtahanında 526 namizəd iştirak edib. Yüksək rəqabət şəraitində keçirilən imtahanın nəticələrinə əsasən 60 şagird Gimnaziyada təhsil almaq hüququ qazanıb.


NDU nəzdində Beynəlxalq Kembric Məktəbində də yeni tədris ili əhəmiyyətli qəbul göstəriciləri ilə başlayıb. 2026–2027-ci tədris ili üzrə məktəbin I sinfinə 21 şagird qəbul olunub. VI sinfə qəbul imtahanında iştirak edən 90 namizəddən 41-i uğurlu nəticə göstərərək Beynəlxalq Kembric Məktəbində təhsil almaq hüququ əldə edib.


Tədbirdə Gimnaziyaya qəbul imtahanında ən yüksək nəticə göstərən Ziyafət Zamanlı və Beynəlxalq Kembric Məktəbi üzrə yüksək nəticə göstərən Firuzə Hüseynəliyeva şagirdlər adından çıxış edərək yeni tədris ili ilə bağlı təəssürat və arzularını bölüşüblər.


Sonda yeni tədris ilinin ilk zəngi çalınıb. Bununla da NDU-nun Beynəlxalq Məktəbində 2026–2027-ci tədris ilinə rəsmi start verilib.

Paylaş: