Axtarış

AZ EN

NDU rektoru Macarıstanla ikili diplom proqramının tələbələri ilə görüşüb

22.09.2026 09:02 22
NDU rektoru Macarıstanla ikili diplom proqramının tələbələri ilə görüşüb

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev “Kompüter mühəndisliyi” (tədrisi ingilis dilində) ixtisası üzrə II kurs tələbələri ilə görüşüb.


Görüşdə tələbələrin tədris prosesi ilə bağlı fikirləri dinlənilib, onları maraqlandıran məsələlər müzakirə olunub.


Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn və xarici ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsinə yönələn tədbirlər çərçivəsində Naxçıvan Dövlət Universiteti Macarıstanın Con fon Neyman Universiteti ilə ikili diplom proqramı həyata keçirir.


25 oktyabr 2024-cü il tarixində imzalanmış müqaviləyə əsasən, 2025–2026-cı tədris ilindən “Kompüter mühəndisliyi” ixtisası üzrə ingilis dilində bakalavr hazırlığına başlanılıb. 3+1 formatında həyata keçirilən proqram çərçivəsində tələbələr I, II və IV kursları NDU-da, III kursu isə Con fon Neyman Universitetində təhsil alırlar.


Tədris departamentinin direktoru Şahin Əliyev II kursda 26 tələbənin təhsil aldığını və növbəti tədris ilində onların təhsillərini Macarıstanda davam etdirəcəklərini bildirib. Qeyd olunub ki, proqramı uğurla başa vuran tələbələr hər iki universitetin diplomunu əldə edəcəklər.


Memarlıq və mühəndislik fakültəsinin dekanı Cavanşir Zeynalov, “Rəqəmsal texnologiyalar və kompüter mühəndisliyi” kafedrasının müdiri Hüseyn Qasımov və IELTS Mərkəzinin koordinatoru Fatimə İsmayıllı çıxış edərək tələbələrin akademik göstəricilərinin və ingilis dili biliklərinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.


Sonda tələbələrin sualları cavablandırılıb və təklifləri dinlənilib.


Badəm Əliyeva

NDU media və ictimaiyyətlə əlaqələr şöbəsi


Paylaş: